“Hadrutun işğaldan azad edilməsi dövlətin gücünün təntənəsi idi” - ŞƏRH OLUNDU
“2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qürur və zəfər səhifəsi kimi daxil olmuşdur. Bu müharibə zamanı hər bir yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinin, milli ruhunun və əsgərlərimizin rəşadətinin nəticəsi idi. Ermənistan tərəfi işğal etdiyi heç bir ərazini könüllü şəkildə tərk etmək niyyətində deyildi, lakin Azərbaycan xalqı və ordusu öz ərazi bütövlüyünü bərpa etmək əzmində idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, uzun illər ərzində aparılan hazırlıqlar, güclü hərbi potensialın formalaşdırılması və dövlətin siyasi iradəsi nəticəsində Azərbaycan ordusu düşmənin bütün müqavimətini qıraraq, torpaqlarını addım-addım işğaldan azad etdi: “Bu qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən biri Hadrut qəsəbəsinin azad olunması oldu. Hadrut qədim Azərbaycan yaşayış məskəni olmaqla, həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edirdi.
Hadrutun işğaldan azad edilməsi yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin, dövlətin gücünün və xalqın birliyinin təntənəsi idi. Müharibədən sonrakı dövrdə bu ərazidə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın azad edilmiş torpaqlarına sahib çıxmaq iradəsinin bariz nümunəsidir. Qısa müddət ərzində Hadrutda infrastrukturun bərpası, sosial obyektlərin tikintisi, mədəni və idman tədbirlərinin təşkili həyata keçirilmişdir. Bu, Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün real göstəricisidir. Əgər Ermənistan 30 il ərzində işğal altında saxladığı torpaqlarda heç bir quruculuq işi aparmamışdısa, Azərbaycan cəmi beş il ərzində azad edilmiş bütün ərazilərdə genişmiqyaslı yenidənqurma proqramı həyata keçirmişdir. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti təkcə torpaqlarını azad etməklə kifayətlənmir, həm də onları dirçəldərək həyat mənbəyinə çevirir.
Hadrutun və bütövlükdə Qarabağın azad edilməsi hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qələbə xalqımızın birlik və həmrəyliyinin, dövlətimizin qüdrətinin, əsgər və zabitlərimizin qəhrəmanlığının rəmzidir. Bugün hər bir Azərbaycan vətəndaşı özünü Hadrutlu, Qarabağlı, yəni bu müqəddəs torpaqların sahibi və keşiyində duran qəhrəman xalqın nümayəndəsi hesab edir. Beləliklə, 44 günlük Vətən müharibəsi təkcə hərbi-siyasi qələbə deyil, həm də milli ruhun dirçəlişi, Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsinin təntənəsi olmuşdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə