“Azərbaycan qlobal siyasi sistemdə güclü aktor kimi qəbul edilir“ - ŞƏRH OLUNDU

“2022-ci ildə siyasi dialoqun təmin edilməsi və ümumavropa problemlərinin həll yollarının axtarılması məqsədilə yaradılmış Avropa Siyasi Birliyi (ASB) formatı Azərbaycan diplomatiyasının gündəmində öz yerini tutaraq, ölkəmizin Avropada mövqeyinin gücləndirilməsi və sülh gündəliyinin təşviqi və təbliği üçün əlverişli platformalardan birinə çevrilib. Bu, xüsusilə də Cənubi Qafqaz regionunun yeni tarixi mərhələyə qədəm qoyduğu bu dövrdə daha da aktuallaşıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycanın ASB Zirvə toplantılarında iştirakı, ilk növbədə, Prezident İlham Əliyevin qlobal siyasətdəki şəxsi nüfuzu ilə əlaqədardır: “Buna görə də dövlətimizin başçısının bir sıra ölkələrin rəhbərləri və yüksək vəzifəli şəxsləri ilə çoxsaylı görüşlərini ASB sammitləri çərçivəsində həyata keçirməsi heç də təəccüblü deyil. 2 oktyabr tarixində Danimarkada keçirilmiş Birliyin 7-ci Zirvə toplantısı da istisna olmadı və görüşlər əks tərəfin təşəbbüsü ilə Azərbaycan rəhbərinin Moldova Prezidenti Maya Sandu, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni, Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və Niderland Krallığının Baş naziri Dik Şof ilə görüşləri baş tutdu.

Kopenhagendə İlham Əliyevin Nikol Paşinyanla görüşü də oldu. Görüş zamanı Azərbaycan və Ermənistan liderləri Ermənistan-Azərbaycan sülh gündəliyinin gələcək irəliləyişini müzakirə etdilər. Bu kontekstdə hər iki tərəfin Vaşinqton Sammitində əldə edilmiş razılaşmalar əsasında sülh və etimadın möhkəmləndirilməsi üzərində işləməyə hazır olduqlarını təsdiq etməsi xüsusi əhəmiyyət kəsb edir. Bu görüş həm də onunla yadda qaldı ki, tərəflər regionda nəqliyyat əlaqələrinin vacibliyini vurğuladılar, Azərbaycan ərazisində infrastrukturun inkişafının gedişatını, Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsini müzakirə etdilər və ATƏT-in Minsk prosesinin və onunla bağlı qurumların ləğv edilməsi barədə qəbul edilmiş qərarı alqışladılar ki, bu da regionda sülhün bərqərar olunması yolundakı maneələrin aradan qaldırılmasında ölkəmizin növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar.

Digər tərəfdən, Ermənistanın Vaşinqton razılaşmalarına riayət etməyə hazır olması Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsidir. Buna görə də əminliklə demək olar ki, ABŞ-da əldə edilmiş razılaşmalar bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan və dəstəklənən Bakının sülh gündəliyinin misli görünməmiş uğurudur. Bu da öz növbəsində o deməkdir ki, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan bu gün qlobal siyasi sistemdə güclü aktor kimi qəbul edilir.

Bu baxımdan İlham Əliyevin Emmanuel Makronla görüşü xüsusi diqqət doğurur. Görüş zamanı Fransa Prezidenti dövlətimizin rəhbərini Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi ilə bağlı əldə edilmiş nəticələrə görə təbrik etdi.

Makronun təbriklərini ehtiyatlı optimizm ilə qiymətləndirmək olar. Görünür, Bakı və İrəvan arasında münasibətlərin normallaşması fonunda rəsmi Paris Azərbaycan əleyhinə olan ritorikanın dəyişdirilməsinin nəinki qaçılmaz, həm də öz maraqlarına xidmət etdiyini dərk etməyə başlayıb.

Başqa sözlə, rəsmi Bakı ticarət-iqtisadi əlaqələrin qurulması ilə kifayətlənmir, həm də məqsədyönlü şəkildə həyata keçirtdiyi xarici siyasət sayəsində Azərbaycana qarşı qeyri-dost münasibəti bəsləyən ölkələri konstruktiv siyasi dialoqa cəlb edir. Fransa da buna parlaq nümunədir.

Beləliklə, yuxarıda sadalanan bütün faktlar onu deməyə əsas verir ki, Azərbaycan çoxvektorlu siyasət yürüdərək, daim milli maraqlara və regionda sülhün bərqərar olunmasına sadiq qalır. Ölkəmizin əsas nailiyyəti ondadır ki, Azərbaycanın ədalətli mövqeyi indi Avropadakı bəzi qeyri-dost dairələri və qüvvələri tərəfindən də qəbul edilmiş olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə