“Görülən işlər Azərbaycanın nələrə qadir olduğunu sübut etdi“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Böyük Qayıdış proqramı Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük tarixi missiyalardan biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız dağıdılmış torpaqların bərpası deyil, həm də xalqın 30 illik həsrətinə son qoyan milli iradənin təntənəsidir. Azad edilmiş torpaqlarda beş il ərzində görülən işlər Azərbaycanın gücünü, imkanlarını və gələcəyə hesablanmış strategiyasını bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, ilk növbədə yollar, dəmir yolları, körpülər, elektrik və rabitə xətləri çəkildi: “Bu torpaqlara həyatın qayıdışı məhz infrastrukturla başladı. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikilməsi regionu dünya ilə birləşdirən qapılara çevrildi. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirildi və bu, qayıdışın ilk nümunəsi kimi tarixə düşdü. Artıq minlərlə ailə doğma yurdlarına qayıdıb, yeni evlərə, yeni həyata qədəm qoyub.
Şəhərlərin baş planları hazırlanıb, Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərdə genişmiqyaslı tikinti işləri aparılır. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, sosial obyektlər inşa olunur. Şuşa isə Azərbaycanın mədəniyyət paytaxtı kimi öz simasını bərpa edir, tarixi abidələr təmir olunur, beynəlxalq tədbirlər keçirilir. Bu torpaqlarda artıq təkcə evlər deyil, həm də milli kimliyin izləri, mədəni yaddaşımız dirçəldilir.
Bölgənin enerji potensialı da unudulmayıb. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Burada günəş və külək stansiyaları, hidroelektrik layihələr reallaşdırılır. Bu, həm ekologiyaya töhfədir, həm də Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsidir. Paralel olaraq kənd təsərrüfatı, turizm və xidmət sahələrində yeni iş yerləri açılır, ərazi iqtisadi baxımdan da cazibədar mərkəzə çevrilir.
Beş il ərzində həyata keçirilən bu işlər Azərbaycanın təkcə öz gücünə arxalanaraq nələrə qadir olduğunu sübut etdi. Böyük Qayıdış sadəcə insanların doğma yurduna dönüşü deyil, həm də Azərbaycanın gələcəyinə inamın, xalqın birliyinin və dövlətin iradəsinin rəmzidir. Bu proses xalqımız üçün qürur, müxalif səsələr üçün isə reallığı qəbul etməyə məcbur edən tarixi bir həqiqətdir. Qarabağda və Şərqi Zəngəzurda bərqərar olan həyat, işıqlar, ucalan evlər və tikilən məktəblər Azərbaycanın əzmini bütün dünyaya göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə