Azərbaycan və Çin münasibətləri strateji tərəfdaşlıq mərhələsinə yüksəlir - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirdiyi görüşə dair siyasi təhlil aparmışdır. O qeyd etmişdir ki, “Böyüyən Azərbaycan dünya ilə daha geniş inteqrasiyaya qədəm qoyur.” Azərbaycan Prezidenti İlham Əliyev Çində baş tutan Zirvə görüşü çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşmüşdür. Görüş zamanı diqqətəlayiq məqamlar müşahidə olunmuşdur. Si Cinpin vurğulamışdır ki, Azərbaycan ilə Çin arasında 30 ildən artıqdır uğurlu əməkdaşlıq əlaqələri formalaşmışdır və bu gün həmin münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “Çin lideri həmçinin bildirmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqda, enerji, bərpa olunan enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq daha da genişlənməkdədir. O, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycan–Çin tərəfdaşlığının möhkəmləndiyini xüsusi qeyd etmiş, Çin mallarının daşınmasında Azərbaycanın tranzit imkanlarının əhəmiyyətinə diqqət çəkmiş və bu kontekstdə Transxəzər marşrutunun rolunu xatırlatmışdır.

TÜRKBİRKON başqanı Hakan Aktürk öz açıqlamasında bildirmişdir ki, görüşdə diqqətini ən çox cəlb edən məqamlardan biri Si Cinpinin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün birbaşa dialoqun vacibliyini vurğulaması olmuşdur. Bununla yanaşı, Çin rəhbəri ölkəsinin digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqliyini bəyan etmiş və Azərbaycanın müstəqil inkişaf modelini dəstəklədiyini xüsusi qeyd etmişdir.

Digər tərəfdən, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Çində ikitərəfli görüş keçirmişlər. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə etmişlər. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, gələcək dövrdə Türkiyə və Azərbaycanın regional inkişaf təşəbbüslərini qarşılıqlı əlaqələndirməsi strateji əhəmiyyət daşıyır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə