İrəvan öhdəliklərinə sadiqliyini sübut etməlidir - HİKMƏT BABAOĞLU

“28 avqust tarixində Vaşinqtonda əldə edilmiş razılaşmanın praktiki icrasına başlamaq üçün Ermənistanın atmalı olduğu ilkin addımlar mövcuddur. Azərbaycan Prezidenti bu məsələni rəsmi bəyanatlarında vurğulamış və razılaşmanın imzalanmasının vacibliyini qeyd etmişdir. Razılaşdırılmış məsələlər hazırda paraplanmış (ilkin razılaşdırılmış) sənəd səviyyəsindədir və bu sənədlərin hüquqi qüvvəyə minməsi üçün icra mexanizmləri formalaşdırılmamışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Beynəlxalq hüquq praktikasına görə, razılaşma və sazişlərin hüquqi qüvvəyə minməsi yalnız onların altında səlahiyyətli şəxslərin rəsmi imzası olduqda mümkündür. Bu baxımdan, Ermənistan tarixi dəyişdirmək istiqamətində planlaşdırdığı addımlar barədə konkret hərəkət planı təqdim etməli, onların icrasının hüquqi əsaslarını müəyyənləşdirməli və ictimai rəyi bu istiqamətdə hazırlamalıdır.

Əks halda, Ermənistan rəhbərliyinin, xüsusilə baş nazirin üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağı və onları reallaşdıracağı barədə proqnoz vermək çətin olacaq. Bu isə ABŞ tərəfindən əldə olunmuş razılaşmaların icrasına mənfi təsir göstərə bilər.

Məsələyə siyasi baxımdan yanaşdıqda, Ermənistanın Azərbaycana qarşı nümayiş etdirdiyi diplomatik və siyasi hörmətsizlik kimi qiymətləndirilə bilən addımlar mövcuddur. Buna görə də, Ermənistan nə qədər qətiyyətli və ardıcıl addımlar atarsa, razılaşmanın reallaşması bir o qədər tez mümkün olacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə