“Prezidentin yanaşması geosiyasi vəziyyətin düzgün təhlilinə əsaslanırdı” - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyevin III Qlobal Media Forumundakı çıxışı əslində geostrateji məsələlərə yönəlmiş və aktual beynəlxalq münasibətlər kontekstində mühüm tezislərlə yadda qalmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.
Fazil Mustafa sözlərinə belə davam edib: “Xüsusilə də ABŞ və Ukrayna ilə bağlı ifadə olunan mövqelər bir sıra dairələrdə təəccüblə qarşılanmış olsa da, əslində bu yanaşma həm regional, həm də qlobal reallıqları əks etdirən rasional və soyuqqanlı təhlilə əsaslanırdı.
Prezidentin Ukraynadakı mövcud vəziyyətlə bağlı təklif etdiyi yanaşmalar və mümkün addımlar, Ukrayna ictimaiyyətində və siyasi dairələrində də ciddi rezonans doğurmuşdur. Bu baxımdan Azərbaycan Prezidentinin beynəlxalq hüququn və dövlət suverenliyinin müdafiəsinə yönəlmiş prinsipal və ardıcıl mövqeyi bir daha təsdiqlənmiş oldu.
Çıxışın digər vacib cəhətlərindən biri isə medianın, xüsusilə də süni intellektin informasiya axınında artan roluna dair irəli sürülən yeni yanaşmalar və təkliflər idi. Bu məsələlər Prezident tərəfindən innovativ baxış bucağı ilə təqdim olunaraq, medianın gələcək inkişaf trayektoriyasına dair vacib ipucları vermişdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bu çıxışı təkcə siyasi bəyanat səviyyəsində deyil, həm də ciddi analitik müstəvidə təhlil olunan və Azərbaycan cəmiyyətinin gələcək inkişaf istiqamətlərinə işıq tutan strateji bir sənəd kimi qiymətləndirilə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə