“Qarabağa ilk dəfə qatarla səfər etdik. Qatarla birbaşa Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə getdik. Təxminən 4 saat 20 dəqiqəyə Bakıdan Ağdama çatmaq olur. Yeni qatar yolu və vağzal fərqli bir xoş təəssürat yaratdı. Qatarla səyahətin tezliklə sərnişinlərin də istifadəsinə veriləcəyi bildirildi”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “Ağdam işğaldan əvvəl Qarabağın iqtisadi və mədəni mərkəzi idi. Gələcəkdə də Ağdam Azərbaycanın ən böyük iqtisadi şəhəri olacaq. Bu istiqamətdə mükəmkəl işlər görülür. Orada tikintilərin və yaşayış komplekslərinin miqyası böyükdür. Ağdamda möhtəşəm bir Muğam Mərkəzi tikilib. Bəlkə də Bakıda az sayda elə mərkəzlər var. Bütün bunlar artıq fərqli təəssürat yaradır.
Biz ilk dəfə Ağdama gedəndə üstü örtülü qalan sadəcə Cümə Məscidi idi. İndi isə Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi, "Aghdam City Hotel", İmarət Kompleksi və Cümə Məscidi var. Onların hər birini ziyarət etdik. İlk səfərimizdə erməni vandaliziminin “əl işlərini” görmüşdük. Ağdam mənə Xirosimanı xatırladırdı. Bu dəfə isə mən Ağdamda memarların gözəl əl işlərini və yenidən qurulmuş bir böyük şəhər gördüm. Elə bir şəhər ki, hər bir azərbaycanlının fəxr edəcəyi şəhər… Buradan cənab Prezidentə, hörmətli Birinci vitse-prezidentimizə dərin minnətdarlığımı ifadə edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə