Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir - Fuad Ələsgərov
Bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur. 2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxış edir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Fuad Ələsgərov qeyd edib ki, ölkəmizdə bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir:"Bu tədbirlərin bir nümunəsi kimi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman göstərilə bilər. Həmin Fərmanın icrası nəticəsində məhkəmə sistemində rəqəmsallaşmanın sürətləndirilməsi, hakimlərin seçimi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə fəaliyyətinin digər istiqamətləri üzrə əhəmiyyətli müsbət nəticələr əldə edilib. Bildiyiniz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlət təsisatlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin bərpası prosesini xüsusi vurğulamaq istərdim. Bu proses Azərbaycanın suverenliyinin real təcəssümüdür və əminəm ki, bu sahədə görülən işlər də uğurla başa çatdırılacaq. Azərbaycan Respublikası məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir. Bu yolda əsas hədəf ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin hərtərəfli artırılmasıdır. İnanıram ki, bugünkü beynəlxalq tədbir məhkəmə idarəçiliyində qabaqcıl təcrübənin paylaşılması, fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıq üçün məhsuldar zəmin yaradacaq", - deyə Fuad Ələsgərov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə