Azərbaycan və Özbəkistan Hökumətlərarası Komissiyanın iclasının tarixini razılaşdırıb

Azərbaycan və Özbəkistan əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasını iyunun 20-də Bakıda keçirilməsi planlaşdırılır. SİA xəbər verir ki, həmin gün həmçinin III Regionlararası Forumun keçirilməsi də planlaşdırılır.

Bildirilir ki, Forum çərçivəsində B2B görüşləri də baş tutacaq.

Forumun əsas mövzuları arasında regionların iqtisadi perspektivləri və tərəfdaşlığın inkişaf imkanlarının müzakirəsi var.

Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovdur.

Qeyd edək ki, bir gün əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Azərbaycanın Baş naziri Əli Əsadovla görüşü zamanı razılaşmaların həyata keçirilməsinə nəzarətin və iki ölkənin hökumətləri arasında sıx praktiki qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə planlaşdırılan növbəti Hökumətlərarası Komissiyanın iclasının və iki ölkənin Regionlar Forumunun yüksək nəticəliliyinin təmin edilməsinin zəruriliyi qeyd edilib.

Əvvəlki, 13-cü Hökumətlərarası Komissiyanın iclası ötən il iyulun 10-da Buxarada (Özbəkistan) keçirilib.

Xatırladaq ki, I Azərbaycan-Özbəkistan Regionlararası Forumu 2023-cü ilin fevralında Daşkənddə, II forum isə 2024-cü ilin mayında Qubada keçirilib.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan hazırda 2,2 milyard ABŞ dollarından çox məbləğdə birgə layihələr həyata keçirirlər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkələr arasında ticarət dövriyyəsi 170,25 milyon ABŞ dolları (illik müqayisədə 3,3 dəfə artım) təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə