Putin ilə Zelenskinin görüşü nümayəndə heyətlərinin konkret razılaşmasından sonra mümkündür - Dmitri Peskov

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski arasında görüş mümkündür, lakin bu, iki ölkənin nümayəndə heyətləri arasında konkret razılaşmaların nəticəsi olmalıdır. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın iştirakı ilə ikitərəfli və ya üçtərəfli sammitin keçirilməsi ehtimalını şərh edərkən deyib.

Peskov bildirib ki, Ukrayna nizamlanması üzrə Rusiya memorandumunun layihəsi üzərində iş son mərhələdədir. Onun sözlərinə görə, sənəd yaxın vaxtlarda təqdim olunacaq.

Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların növbəti raundunun mümkün yeri ilə bağlı sualı cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, hələlik heç bir qərar verilməyib və bu məkan hər iki tərəfə uyğun olmalıdır.

ABŞ-ın vasitəçilik rolundan danışan Peskov vurğulayıb ki, Moskva nizamlanma yolunda göstərdiyi səylərə görə Prezident Trampa minnətdardır, lakin Rusiyanın öz milli maraqları var və onları qurban vermək olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə