"Azərbaycan Respublikası AXC-nin siyasi və hüquqi varisidir" - ŞƏRH EDİLDİ
"1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq məhz Azərbaycan xalqı müstəqil, demokratik respublika qurmağa nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın müasir dövlətçiliyinin təməli qoyulmuş və dövlət idarəetməsi sahəsində yeni mərhələ başlanmışdır. Bu, Azərbaycan tarixində demokratik idarəetmə prinsiplərinə əsaslanan ilk siyasi sistemin formalaşması baxımından mühüm hadisə olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində zəngin dövlətçilik ənənələri mövcuddur: "Lakin 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yeni dövrün demokratik prinsiplərinə söykənən dövlətçilik modelinin əsasını təşkil etmişdir. Hesab etmək olar ki, müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi təməlləri məhz bu dövrdə atılmışdır və bu, tariximizdə dönüş nöqtəsi kimi qiymətləndirilir.
Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən dövlət kimi tarixə düşmüşdür. Bu, demokratik cəmiyyət quruculuğu istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur.
Baxmayaraq ki, yeni qurulmuş Cümhuriyyətin mövcudluğu cəmi 23 ay davam etdi, bu qısa müddət ərzində işlək dövlət idarəçiliyi sistemi formalaşdırıldı, qanunvericilik orqanı kimi səmərəli fəaliyyət göstərən parlament yaradıldı, xarici əlaqələrin qurulması istiqamətində intensiv addımlar atıldı və ordu quruculuğuna başlanıldı. Bir sözlə, müstəqil və güclü dövlət üçün zəruri olan əsas atributlar və institutlar sürətlə formalaşdırılırdı".
Politoloq qeyd edib ki, Azərbaycan xalqının geniş dünya görüşünə də dəlalət edən mühüm bir hadisə baş vermişdir: "Yəni, bu gün bütün dünya bilir ki, Azərbaycan xalqı müasir çağırışlara cavab verən demokratik dövlət quruculuğunu həyata keçirmək iqtidarında olan bir xalqdır. Bu baxımdan, 28 May tarixi Azərbaycan xalqının dövlətçilik tarixinin ən şərəfli səhifəsini təşkil edir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan dövləti həm də özünün tarixi dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyev vurğulamışdır ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Respublikasının hüquqi və siyasi varisidir. Bu gün Azərbaycan Respublikası öz tarixi dövlətçilik ənənələrinə əsaslanaraq güclü, müstəqil və beynəlxalq münasibətlər sistemində fəal iştirak edən bir dövlətə çevrilmişdir. Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlıq sistemində də sağlam və fəal mövqeyə malikdir, milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran bir subyekt kimi tanınır.
Hesab etmək olar ki, hazırda Azərbaycan dövlətçiliyinin inkişafında yeni bir mərhələ başlanmışdır. Müstəqilliyin ilk illərində ölkə dərin siyasi, iqtisadi və sosial problemlərlə üzləşmişdi. Sovet İttifaqının süqutundan sonra müstəqil dövlət quruculuğu prosesi ciddi çətinliklərlə müşayiət olunurdu. Bu dövrdə Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti, eyni zamanda daxili siyasi qüvvələr arasında qeyri-sivil mübarizə, dövlət institutlarının formalaşmasına ciddi maneələr yaradırdı.
Azərbaycan xalqının tarixində dövlət quruculuğunun yeni mərhələsi olduqca mürəkkəb və təhlükəli şəraitdə başlanmışdır. Müstəqilliyin ilk illərində ölkə ciddi siyasi qeyri-sabitlik, sosial və iqtisadi böhran, eləcə də xarici təhdidlər fonunda formalaşmaqda olan dövlətçiliyin sabitliyini təhlükə altına salan proseslərlə üz-üzə qalmışdır.
Bu mürəkkəb şəraitdə xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanın ali siyasi rəhbərliyinə qayıtmış və milli dövlətçiliyin xilası üçün fundamental addımlar atılmışdır. Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik keyfiyyətləri sayəsində ölkədə daxili sabitlik təmin edilmiş, dövlətçiliyin əsas dayağı olan milli həmrəylik bərpa olunmuşdur.
Azərbaycan xalqı Ulu Öndərin şəxsiyyəti ətrafında sıx birləşərək, müstəqilliyin mahiyyətini və onu qorumağın zəruriliyini dərk etmiş, strateji inkişaf hədəflərini müəyyənləşdirməyə başlamışdır"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə