"Azərbaycan-İran münasibətləri hələ də arzu edilən səviyyədə deyil, özəlliklə Azərbaycan Respublikası qonşu İranla normal, dinc münasibətlərdən yanadır. Uzun illərdir ki, Azərbaycan dövləti bunun belə olması üçün çalışır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, İranda hakimiyyət başında olan şəxslər, əsasən dini rəhbərlik bu münasibətlərin normallaşmasına yetərincə töhfə verməyib, həmçinin verməməklə də qalmıyıb, əlavə gərginlərə səbəb olacaq addımlar atıb: "Təbiidir ki, belə bir şəraitdə münasibətlərin çoxda yaxşı olması haqqında danışa bilməzdik. Amma Pezeşkianın prezident seçilməsi və onun Azərbaycan Respublikasına fərqli münasibət bəsləməsi əlaqələrin normallaşmasına ümidləri artırır.
İran Prezidenti Məsud Pezeşkianın bu günlərdə Bakıya etdiyi səfər və bu səfərdə sərgilədiyi yanaşma hər şeyin itirilmədiyinin xəbərçisi sayıla bilər. Yəni Azərbaycan Respublikası ilə İran arasında normal müstəvidə münasibətlərin qurulması mümkün görünür. Əlbəttə irəli qaçmaq istəmirik, tələskənliyə yol vermək istəmirik. Yəni bir görüntüyə əsaslanıb qərar vermək doğru olmaz. Amma ilkin işarələr onu göstərir ki, Azərbaycan Respublikası ilə İran arasında münasibətlərin normallaşması imkanları tükənməyib".
Siyasi şərhçi qeyd edir ki, Azərbaycan bu məsələlərdə həmişə iradəli və öndə olub: "İndiki halda İranın xoşməram sərgilənməsi üçün zaman yetişib və imkanlarda var. İran tərəfi bu imkanlardan istifadə etsin ki, dinc qonşuluq münasibətlərimiz sözün həqiqi mənasında gerçəyə çevrilə bilsin.
İran və Azərbaycan arasında olan sənədlər isə normallaşmağa doğru gedən əlaqələrimiz üçün başlanğıc olaraq qəbul edilməlidir. Yəni uzun müddət idiki münasibətlərin normallaşmasına ehtiyac var idi. Artıq İran Prezidentinin Azərbaycana səfərindən sonra bu prosesin başlandığını deyə bilərik. İmzalanmış sənədlər iş birliyi cəhdlərinin edilməsində normallaşmanın başlanğıcı kimi dəyərləndirək. Əlbəttə ki o sənədlərdən irəli gələn addımların atılması, hədəflərin gerçəkləşdirilməsi sonrakı mərhələdir. Azərbaycan tərəfi həmişə sözündə bütöv olub və iradəsinə sadiq qalıb. İndi İran tərəfi də eyni dərəcədə davranarsa və bu imzalanmış sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirərsə, deməli əlaqələrin normallaşmasına ümidlərimiz boşuna deyilmiş".
Bütün xəbərlər Facebook səhifəmizdə