"Prezidentin vurğuladığı mövqelər əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Çin ilə Azərbaycan ənənəvi dostluğu daha da inkişaf etdirmək, strateji qarşılıqlı etimadı möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq, miqyasını artırmaq niyyətindədirlər. Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal texnologiyalar və rəqəmsal iqtisadiyyat sektorunda əməkdaşlığı dərinləşdirməyə hazırdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində ölkələrimiz arasında münaibətlərin yüksək səviyyədə olduğunu bildirib: "Prezident qeyd edib ki, biz Heydər Əliyevin yolunu davam etdiririk. Azərbaycanın xarici siyasətində Çin xüsusi yeri var. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib.
Prezident müsahibəsi zamanı Azərbaycan Prezidenti Çin Sədri ilə münasibətlərindən danışıb. Dövlət başçısı deyib ki, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə edən söhbətlərimiz olub. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ölkələrdən biridir".
Millət vəkili qeyd edir ki, bu gün Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Azərbaycanla Çin beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsipləri müdafiə edən ölkələrin önündə gedirlər. Bu, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsini və qarşılıqlı etibarlarını artırır.
Prezidentin vurğuladığı mövqelər əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir. Bu yanaşma, həm Azərbaycanın, həm də Çinin uzunmüddətli xarici siyasət hədəflərini dəstəkləyən və qarşılıqlı faydalara əsaslanan bir strateji təməl yaradır. Əminliklə demək olar ki, dünyanın böyük və qədim dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə olan münasibətlərin inkişafı Azərbaycanın milli maraqları, strateji maraqlarına uyğundur və Prezident İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə