"Azərbaycan xalqı tarixdə ilk qadın hökmdar yaradan xalqdır" - ŞƏRH EDİLDİ

"Akademik Zərifə Əliyeva XX əsr Azərbaycan qadının yeni obrazını yaratmağı bacardı. Azərbaycan qadınının elm fədaisi olmasını insanlara sağlamlıq, görmək, gözlərinə nur verməyi bacardığını bir daha öz peşəsi, öz mövqeyi ilə göstərmiş oldu. Zərifə xanım Əliyeva öz heyəti ilə nümayiş etdirdi ki, qadın evdə ana, elmdə akademik, ictimai münasibətlərdə ədalət təcəssümü, peşədə isə insanlara sağlamlıq bəxş etməyi eyni vaxtda bacarar". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı tarixdə ilk qadın hökmdar yaradan xalqdır: "İlk döyüşçü, ilk diplomat yaradan xalqdır. Amazonların timsalında ilk döyüşçü qadını Azərbaycan xalqı tarixən yaratdı. Sara xatunun timsalında tarix ilk qadın diplomatı gördü. Amma bütün bunların fövqündə olan bir qadın taleyi yaşadı.

Zərifə xanım Əliyeva həm dövlət başçısının övladı, həm dövlət başçısının həyat yoldaşı, həm də dövlət başçısının anası oldu. Bu nəinki Azərbaycan tarixində, dünya tarixində tək bir nümunədir".

Millət vəkili bildirib ki, Əziz Əliyev Zərifə xanım Əliyevanın atası, Dağıstan Muxtar Respublikasının birinci katibi idi: "Həyat yoldaşı Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etdi. Bir dəfə Azərbaycan Respublikasının Kommunist Partiyasının birinci katibi, bir dəfə isə müstəqil Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyət göstərmişdir. Zərifə Əliyevanın oğlu İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti oldu, üstəlik də Azərbaycan tarixini yenidən yazan bir prezident oldu. Zərifə xanım Əliyeva tanrı tərəfindən sevilən bir qadın idi ki, ona belə bir tale yazmışdı".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə