"Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır" - ŞƏRH EDİLDİ
"Çin bir çox göstəricilərinə görə dünyanın güc mərkəzinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
O bildirib ki, beynəlxalq aləmdə Çinin mövqeyi, irəli sürdüyü təkliflərə önəm verilir: "Bu ölkənin əsas iqtisadi-ticarət tərəfdarı ABŞ və Avropa İttifaqıdır. 2022-ci ildə tərəflər arasında iqtisadi ticarət dövriyyəsinin həcmi 1,6 trilyon dollar olub. Ötən il hesabatında ABŞ ilə xarici ticarət əlaqəsi tarixi rekord həddə çatıb. Çin ticarət həcmi üzrə ABŞ-ın Meksika və Kanadadan sonra üçüncü ən böyük tərəfdaşıdır.
Düşünəndə ki belə böyük iqtisadi əlaqələri olan və dünya iqtisadiyyatının çox vacib halqası olan Çinlə Azərbaycan arasında tərəfdaşlıqlar haqqında sənədlər imzalanır, bir daha dövlətimizin gücü və siyasi mövqeyi öz sözünü deyir. Azərbaycanın ticarət tərəfdaşı olaraq Çin dördüncü yeri tutur. Bu da ciddi nəticədir. Azərbaycan Çinlə tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Çünki bu ölkə dünyada iqtisadi gücünü ortaya qoyan dövlətdir. Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Ümumilikdə isə Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır. Hələ 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub.
Bu gün Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir".
"Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Bu, saziş ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
Qeyd edim ki, son iki ildə Azərbaycan və Çin arasında münasibətlərin bu dərəcədə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixdə bir ilkdir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdıracaqdır. Düşünürəm ki, dövlətimizin başçısının Çin Xalq Respublikasına bu səfəri tarixə böyük əməkdaşlıqların başlanğıcı olaraq düşəcəkdir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə