"Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələr durmadan yüksəlməkdədir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Prezident cənab İlham Əliyev Çinin Sinxua Agentliyinə verdiyi müsahibəsinə Azərbaycanla Çin arasında mövcud iqtisadi siyasi-iqtisadi əlaqələr barədə geniş məlumat verdi. Son illər iki dövlət arasında siyasi-iqtisadi əlaqələr sürətlə inkişaf edir. Ölkə başçımızın müsahibəsi Çin ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, ölkənin işgüzar dairələri - təhsil, elm, səhiyyə təşkilatları Azərbaycan haqqında düzgün məlumatlanmış oldular: "Azərbaycanla Çin arasında istər siyasi, istərsə də iqtisadi əlaqələr durmadan yüksəlməkdədir. Bu gün Çin dünyanın iqtisadi, siyasi, hərbi cəhətdən ən nəhəng dövlətlərindən biridir. Çinin Azərbaycanla hərtərəfli əlaqələr qurmağa üstünlük verməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nümunəsidir.
2024-cü ilin iyulun 3-də Astanada keçirilən Şanxay əməkdaşlıq təşkilatının sammiti çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qorunması haqqında birgə bəyannamə qəbul olunmuşdu. Bəyannaməyə əsasən strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək prinsipləri əsasında qurulacaq. Ən əsası bəyannamədə bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərindən irəli gələcək müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlıq vurğulanır. Çin hər zaman ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıdığını və dəstəklədiyini, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Tayvanın Çinin ərazisi olduğunu vurğulayır".
Deputat bildirir ki, strateji tərəfdaşlıq haqqındakı bəyannamə tarixi bir hadisədir: "Azərbaycanla Çin arasında münasibətlərdə yeni uğurlu bir səhifədir. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlıq getdikcə daha da genişlənməkdədir.
Ötən il hökümət və Milli Məclisin yüksək vəzifəli şəxsləri, həmçinin bir sıra nazirlikləri, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının rəsmi nümayəndələri Çinə səfər etmişdir. Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərin sayı getdikcə artmaqdadır. Azərbaycan eyni zamanda Çin xalq partiyasının sədri tərəfindən irəli sürülmüş kəmər və yol təşəbbüsünü dəstəkləyir. Xüsusilə vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmiryolu, Şimal-Cənub xalq nəqliyyat dəhlizi və Trans Xəzər beynəlxalq nəqliyyat dəhlizləri, Orta Dəhliz adlandırılan nəqliyyat marşurutu Çinlə Avropanı birləşdirən ən optimal marşurut xəttidir. Orta dəhlizin yaradılmasının əsas təşəbbüskarı da məhz Azərbaycandır. Təhsil və humanitar sahələrdə də inkişaf etdirilir. Çin universitetlərində Azərbaycan dili, Azərbaycan universitetlərində Çin dili kafedraları yaradılması təhsil sahəsində əməkdaşlığa böyük töhfələr verir. Eləcə də humanitar əlaqələrin yaxşılaşdırılmasına dəstək verir".
Bütün xəbərlər Facebook səhifəmizdə