"Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur" - EKSPERT FİKRİ

"İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra hərbi-siyasi sahədə davamlı uğurlarımızı müşahidə etdik. Bu uğurlardan biri də Laçın Sərhəd Nəzarət Buraxılış Məntəqəsinin yaradılması oldu. Bu hadisə həm tarixi, həm də strateji baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Belə ki, Azərbaycan bununla öz ərazi bütövlüyünü tam bərpa etdi və suveren sərhədlərinə nəzarət hüququnu reallaşdırdı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Qarabağda yaşayan ermənilər üçün Laçın yolu humanitar məqsədlərlə açıq saxlanılmışdı: "Lakin çox təəssüf ki, Azərbaycanın bu humanist yanaşmasına qarşılıq olaraq separatçı qüvvələr və terrorçular bu yoldan təxribat və terror məqsədləri üçün istifadə etdilər. Ermənistan tərəfindən separatçılara silah-sursat və mina daşınması halları, eyni zamanda yeni ərazilərin minalanması kimi fəaliyyətlər baş verdi ki, bu da beynəlxalq hüquqa tam ziddir.

Azərbaycan isə həm konstitusiyaya, həm də beynəlxalq hüququn tələblərinə əsaslanaraq Laçın sərhəd nəzarət məntəqəsində nəzarəti tam bərpa etdi. Bu addım ölkəmizə bir sıra üstünlüklər qazandırdı: silah və sursat daşınmasının qarşısı alındı, Ermənistan tərəfindən separatçılara edilən dəstək dayandırıldı və beləliklə, terrorçulara logistik imkanlar bağlandı".

Ekspert həmçinin bildirir ki, təəssüf ki, bəzi Qərb ölkələri, xüsusilə Fransa, bu məsələyə qərəzli yanaşaraq onu humanitar böhran kimi təqdim etməyə çalışdı: "Lakin bu cəhdlər nəticə vermədi. Reallıq göz qabağındadır – Azərbaycan tam şəffaf şəkildə humanitar keçidə şərait yaradıb və bu, beynəlxalq müşahidəçilər tərəfindən də təsdiqlənib. Süni şəkildə şişirdilən informasiya manipulyasiyaları beynəlxalq ictimaiyyətdə arzulanan təsiri yaratmadı.

Laçın sərhəd buraxılış məntəqəsinin digər əhəmiyyətli tərəfi isə Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinə verdiyi dəstək oldu. Bu məntəqə vasitəsilə əli Azərbaycan xalqının qanına batmış terrorçuların aşkarlanması və həbs edilməsi mümkün oldu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur. Dövlətimiz bundan sonra da milli təhlükəsizlik və müdafiə sahəsində bütün zəruri tədbirləri qətiyyətlə həyata keçirməkdə davam edəcək".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə