"Siyasi və iqtisadi əlaqələr geniş əməkdaşlığı ortaya qoyur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə Çinlə bağlı səsləndirdiyi fikirlər, əslində, Çin-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə əks etdirirdi. Pekin və Bakı arasında möhkəmlənən siyasi və iqtisadi əlaqələr geniş əməkdaşlıq imkanlarını ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Çin, Azərbaycan üçün yalnız iri ticarət bazarlarından biri deyil, eyni zamanda xarici investisiyaların cəlb olunmasında əsas tərəfdaş ölkələrdən biri kimi çıxış edir: "Çindən olan şirkətlər Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edir, müxtəlif sahələrə, xüsusilə də bərpa olunan enerji və texnologiya sektorlarına sərmayə yatırırlar. Bu da onu göstərir ki, Çin, Azərbaycana həm strateji bazar, həm də uzunmüddətli investisiya tərəfdaşı kimi yanaşır.

Azərbaycan üçün isə Çinlə münasibətlər, Avrasiyada əsas güc mərkəzlərindən biri ilə əməkdaşlıq anlamına gəlir. Bu kontekstdə Bakı artıq mühüm nailiyyətlər əldə edib. Xüsusilə "Orta Dəhliz" layihəsində Azərbaycanın rolu açar əhəmiyyət daşıyır. Çindən başlayaraq Mərkəzi Asiyadan keçən, Azərbaycanın və Türkiyənin üzərindən Avropaya uzanan bu marşrutda məhz Azərbaycan əsas tranzit və logistik qovşaq funksiyasını yerinə yetirir.

Həmçinin politoloq qeyd edib ki, bu baxımdan, Çin üçün də Azərbaycan xüsusi əhəmiyyətə malikdir: "İki ölkə arasında təkcə nəqliyyat və enerji layihələri deyil, müxtəlif sahələrdə də sıx əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyev dəfələrlə bu məsələlərə toxunaraq Çin-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib. Qeyd edilməlidir ki, illərdir Azərbaycan və Çin liderləri arasında mövcud olan şəxsi dostluq münasibətləri də bu ikitərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Məhz bu dostluq mühiti siyasi və iqtisadi əlaqələrin daha da inkişafına müsbət təsir göstərir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə