"Azərbaycan dünyanın diqqət mərkəzindədir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“140 ölkədən 450–dən çox yüksək səviyyəli nümayəndənin, 20–dən çox dövlət və hökumət başçısının, 70–dən artıq nazirin qatıldığı IV Antalya Diplomatiya Forumu dünya ölkələrinin ictimai–siyasi həyatında mühüm bir hadisədir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu beynəlxalq tədbirə dəvət edilməsi və dövlətimizin rəhbərinin bir çox ölkələrin rəhbərləri, siyasətçiləri ilə görüşləri ölkəmizə göstərilən etimadın ifadəsidir.

“Bu gün ölkəmizdə ictimai–siyasi sabitlikdir və iqtisadi cəhətdən dinamik inkişaf edən dövlətimiz beynəlxalq aləmdə nüfuz, söz sahibidir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, irimiqyaslı layihələrə imza atan, milli maraqlarını hər şeydən üstün tutan və beynəlxalq hüquq normalarına əsaslanan ölkəmizin aparıcı platformalarda iştirakı və irəli sürdüyü təkliflər, proqramlar bir nümunə kimi qiymətləndirilir, eləcə də faydalarını verir.

Antalya Diplomatiya Forumunda dünya ölkələrini, bəşəriyyəti narahat edən ciddi məsələlərə münasibət bildiriləcəkdir. Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə görüşündə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparılması təbiidir və hər iki ölkənin milli maraqlarına uyğundur. Çünki Türkiyə bizə qardaş və dost ölkədir. Bu dostluq, qardaşlıq əbədidir və sarsılmazdır.

Cənab İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşləri və bu görüşlərdə müzakirə edilən vacib məsələlər Azərbaycanın dünya siyasətində mühüm rol oynadığını, enerji, nəqliyyat, ticarət və digər sahələrlə bərabər, dövlətimizin sülhə, əminamalığa, demokratiyaya böyük önəm verdiyini göstərir. Bu, əlbəttə ki, dövlətimizin inkişafı və xalqımızın xoşbəxtliyi, təhlükəsizliyimizin təmin olunması üçün çox əhəmiyyətlidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə