"Almaniya Cənubi Qafqazda ən böyük və lider dövlət kimi məhz Azərbaycanı tanıyır" - POLİTOLOQ DANIŞDI
"Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana bu səfəri onun Prezident kimi ilk rəsmi səfəridir. Bu səfər çox mühüm əhəmiyyət kəsb edirdi, çünki Avropa İttifaqında Azərbaycan üçün Almaniya ən mühüm tərəfdaşlardan biridir. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olub. 1992-ci ilin yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyıb, fevralın 22-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin ilin sentyabrın 2-də Azərbaycan Almaniyanın paytaxtı Berlində səfirlik açıb. Sentyabrın 22-də isə Almaniya Bakıda öz səfirliyini təsis edib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu səfirliklərin fəaliyyəti ilə paralel olaraq iki ölkə arasında iqtisadi və siyasi əlaqələr də genişlənməyə başlayıb: "2024-cü ildə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 1,6 milyard dollar səviyyəsində olub. Frank-Valter Ştaynmayer Azərbaycanda səfərdə olarkən Azərbaycan Prezidenti ilə birgə mətbuata açıqlamasında bildirdi ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və "Qarabağ Azərbaycandır" mövqeyini dəstəkləyir. Qeyd edək ki, o, Azərbaycana səfər etməzdən əvvəl Ermənistanda olmuşdu və orada müxtəlif görüşlər keçirmişdi. Həmin səfər zamanı onun protokol şöbəsi tərəfindən — ehtimal ki, bilərəkdən yox, sadəcə texniki bir səhv kimi — keçmiş “arsax”ın bayrağı Prezidentin rəsmi "Instagram" səhifəsində paylaşılmışdı".
Həmçinin Elşad Həsənov qeyd edir ki, bundan sonra Azərbaycan tərəfi rəsmi nota təqdim etdi və nəticədə həmin paylaşım dərhal silindi: "Almaniya Prezidentinin Administrasiyası bu səhvə görə Azərbaycandan üzr istədi və məsuliyyəti öz üzərinə götürdü. Yəni, belə bir qalmaqaldan sonra bu səfərin normal və sakit keçməsi olduqca vacib idi. Biz də bu məsələyə ehtiyatla yanaşdıq, Prezidentin üzünə vurmadıq, amma məsələ ən yüksək səviyyədə qarşı tərəfə bildirildi və onlar da öz səhvlərini qəbul etdilər.
Təbii ki, Almaniya Cənubi Qafqazda ən böyük və lider dövlət kimi məhz Azərbaycanı tanıyır. Bu, təsadüfi deyil. Çünki Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadi gücünə, həm də hərbi potensialına görə digər iki Cənubi Qafqaz ölkəsindən xeyli irəlidədir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Hazırda ölkəmiz Avropanın 10 ölkəsinə qaz ixrac edir. Bundan iki il əvvəl isə Azərbaycanla Avropa İttifaqı arasında enerji resursları ilə bağlı mühüm bir müqavilə imzalanıb. Azərbaycan həmin müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirir və qaz ixracını davam etdirir.
Bildiyimiz kimi, Avropa bir müddət öncə Rusiyanın qazından imtina etməyə qərar verdi və bu səbəbdən ciddi enerji böhranı ilə üzləşdi. Məhz belə bir vəziyyətdə Avropaya ilk yardım əlini uzadan Azərbaycan oldu. Bu səbəbdən Almaniya Prezidenti də öz çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Bundan əlavə, Almaniyada 1200-dən artıq azərbaycanlı stomatoloq fəaliyyət göstərir. Ümumilikdə Almaniyada səhiyyə sahəsində həkim çatışmazlığı müşahidə olunur və bizim mütəxəssislərimiz də həmin ehtiyacı qarşılamaq üçün bu ölkədə çalışırlar. Almaniya, eyni zamanda, yüksək keyfiyyətli təhsil sistemi ilə tanınır. Bu səbəbdən də çoxsaylı azərbaycanlı tələbələr burada təhsil alır, müxtəlif sahələrdə bilik və bacarıqlarını artırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə