“Ulu Öndər Novruzun milli birlik baxımından əhəmiyyətli olduğunu qeyd edirdi” - MÜNASİBƏT BİLDİRİLDİ
“Öz hərarəti ilə insanlara sevinc gətirən bahar yenə də nurunu hər yerə səpdi, Novruz gəldi. Novruz yeni gün, yeni nəfəsdir. Onun gəlişi ilə təbiətlə bərabər insanın ruhu da canlanır. Bu bayramı hər kəs öz evində qeyd etmək istəyir. Həmin gün ailəmizlə birlikdə sevinc və ümid dolu bir süfrənin ətrafında birləşirik. Ailəmiz, dostlarımız və sevdiklərimizlə paylaşdığımız hər an, sanki həyatımıza yeni rəng, yeni çalar qatır. Novruzun yaratdığı bu mehribanlıq xalqımıza sülh, sevgi və xoşbəxtlik gətirir”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə deyib.
Dürdanə Rəhimzadə sözlərinə belə davam edib: “Novruz bayramı həyatın sonsuz dövranını, yenilənməni və ümidin təzələnməsini rəmziləşdirir. İnsanlar bu bayramda sadəcə təbiətin deyil, öz həyatlarının da yenilənməsinə ümid edirlər. Bu bayramda hər bir insanın ruhunda yeni arzular və niyyətlər doğur. Novruzun gətirdiyi enerji, insanları birləşdirir, həyatın gözəlliyini, zənginliyini və sadəliyini dərk etməyə imkan yaradır. Novruz zamanın axışında bir anlıq dayanaraq, insanları düşünməyə, təmizlənməyə və yenilənməyə çağıran bayramdır. Mən də xalqımıza daim gözəl düşüncələrlə yenilənməyi və mühitimizi gözəlləşdirməyi arzu edirəm. Ulu Öndər Novruz bayramını xalqımızın özünəməxsus milli kimliyini qorumağa kömək edən ənənəvi bir bayram olaraq qiymətləndirmişdir. Novruzun Azərbaycan xalqının milli kimliyinin təməlində dayanan ənənəvi bir bayram olduğunu qeyd edərək, bu bayramın birləşdirici gücünü vurğulamışdır.
Heydər Əliyev Novruzun dövlət siyasətinin bir hissəsi olduğunu və bayramın Azərbaycan Respublikasının rəsmi təqvimində yer almasının milli birlik və dövlətçilik baxımından əhəmiyyətli olduğunu qeyd edirdi. Heydər Əliyev Novruzun mədəniyyət və ənənə baxımından xalqımız üçün nə qədər vacib olduğunu qeyd etmişdir: “Novruz Bayramı həm də bir mədəniyyət, ənənə, bizim dəyərlərimizin yaşadığı və inkişaf etdiyi bir mərasimdir. Bayramlarımız xalqımızın mədəniyyətinə, ənənələrinə olan hörmətin göstəricisidir””.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə