BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində KOBIA və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRİC) birgə təşkilatçılığı ilə “Bakı İqlim Koalisiyası - KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçirilib. SİA-nın məlumatına görə, sessiyada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanın “Sosial-iqtisadi inkişafın milli prioritetləri” adlı sənədində 5 nömrəli prioritetin “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” adlandırılması təsadüfi deyil. Aparat rəhbəri əlavə edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi istiqamətində konkret addımlar atılır. ““Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında kənd və şəhərlər salınır, ərazidə yaradılacaq sənaye müəssisələrinin yaşıl iqtisadiyyata töhfəsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır. 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik” ili elan edilməsi və ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi yaşıl iqtisadiyyat konsepsiyasının əhəmiyyətini, ekoloji, sosial və korporativ idarəetmə prinsiplərini və onun biznesdə tətbiqini xeyli artırıb”, - deyə Ceyran Rəhmətullayeva əlavə edib. O bildirib ki, “2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişaf Strategiyası qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılmasına, onların iqtisadi fəallığının artırılmasına və yüksək maaşlı iqtisadiyyat sahələrində məşğulluğunun təşviqinə təkan verir. O qadınların savadlılığının artırılması sahəsinsə Komitənin həyata keçirdiyi layihələr, təlimlər barədə məlumat verib. Komitə rəsmisi əlavə edib ki, hazırda işləyən əhalinin ümumi sayının 48 faizini, işçi qüvvəsinin isə 23 faizini qadınlar təşkil edir. KOBIA-nın idarə heyəti sədrinin müavini Rüfət Atakişiyev deyib ki, 2024-cü il aprelin 1-dən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən qadın sahibkarların sayı 307 min nəfəri ötüb. 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası dinamik, inklüziv və sosial ədalətli cəmiyyətdə qadınların iqtisadi imkanlarının yüksəldilməsi və onların iqtisadi fəallığının artırılması üçün strateji çərçivə rolu oynayır. KOBIA rəsmisi əlavə edib ki, bu baxımdan KOB-ların roluna daha çox diqqət və önəm verilməlidir, belə ki onlar dünya üzrə şirkət və firmaların 90 faizdən çoxunu təşkil edir. Onun sözlərinə görə, COP29 çərçivəsində qəbul olunmuş Bakı İqlim Koalisiyasının yaşıl keçidə dair Birgə Bəyannaməsi qlobal iqtisadiyyatın inkişafında KOB-ların rolundan və yaşıl iqtisadiyyata keçiddə onların dəstəklənməsinin vacibliyindən bəhs edir. BMT Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC) direktoru Dima Əl-Xatib, İƏT-in BMT yanında daimi müşahidəçisi Hamid Ajibaiye Opeloyeru, SESRIC-in direktoru Zehra Zümrüt Selçuk KOB-ların inkişafının əhəmiyyətindən, qadınların rolundan, COP 29 zamanı bu istiqamətdə qarşı qoyulmuş hədəflərin icrası prosesindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə