"Cinayətlərdə əli olan hər kəs ədalət mühakiməsi qarşısında dayanacaq" - Bahar Muradova

"Xocalı Soyqrımı cinayətlərində əli olan hər kəs ədalət mühakiməsi qarşısında dayanacaq". SİA xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, biri var vətən uğrunda səngərdə ölən əsgərlər, biri də var evində, öz yurdunda, öz yaşadığı regionda vəhşi hücuma məruz qalan və heç bir günahı olmadan azərbaycanlı olduğu üçün öldürülən soydaşlarımız.

"Əlbəttə, bunlar tamamilə fərqli prizmadan dəyərləndirilir və bu insanlıq, bəşəriyyət əleyhinə cinayətdir, soyqrımı cinayətidir. Bu gün bura gələn hamı kimi onların ruhu qarşısında baş əyirəm. Onlar da Azərbaycanın haqq işi uğrunda şəhidlərimizdir.

Eyni zamanda bu cinayəti törədənlər cavab verəcəklər. Elə həyatın ermənilər üçün ironiyası da ondan ibarətdir ki, bu gün bu anım mərasimləri ilə yanaşı, bu cinayətlərdə əli olan erməni faşizmini, bu cinayətləri törətməyə təhrik edən nümayəndələri Azərbaycanda mühakimə olunurlar",- deyə o əlavə edib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə