“Ermənistan qətiyyətli addımlar atmalıdır” - DEPUTAT DANIŞDI

“Ermənistanın anti-sülh mövqeyi regionda get-gedə sülhü təhlükə altına atır. Sülhə gedən yol hər şeydən öncə Ermənistan konstitusiyasının dəyişilməsindən, kommunikasiyaların açılmasından keçir. Eyni zamanda Azərbaycana qarşı hər hansı məhkəmə iddialarının olmamasından keçir. Bununla yanaşı ən nəhayət ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciətdən keçir. Nə qədər ki, bu maneələr var, bir o qədər də Ermənistanla Azərbaycanın sülh əldə etməsi çətin görünür. Çox təəssüf ki, zaman-zaman Ermənistan rəsmiləri, o cümlədən Baş Nazir Paşinyan müəyyən ümidverici fikirlər səsləndirsə də, bu istiqamət də konkret addımlar hələ atılmayıb. Nəzərə almaq lazımdır ki, müharibədən artıq 5 il keçməkdədir. Belə olan halda bunu biz kifayət qədər zaman hesab edə bilərik. Ona görə də Ermənistan qətiyyətli addımlar atmalıdır. Eyni zamanda regionda birtərəfli qaydada silahlanmaya son qoymalıdır. Yəni 5 il müddətində Ermənistan çox sürətlə silahlanmaya cəhd göstərir. Əslində sülhə maneə olacaq və təhlükə yaradacaq bir vəziyyətdir. Əgər Ermənistan doğurdan da sülh istəyirsə, dərhal bu maneələrin aradan qaldırılması üçün qətiyyətli addımlar atmalıdır”. Bu sözləri deputat Hikmət Babaoğlu SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın sülhlə bağlı mövqeyinə gəldikdə isə onun mövqeyi başadüşülən və izah edilən deyil: “Nə mövcud diaqloqlar konteksində, nə də beynəlxalq hüquq konteksində əsaslandırılmış mövqedə deyil. Buna görə də düşünürəm ki, Azərbaycanın haqlı mövqeyi qarşısında Ermənistanın hər hansı bir iddiası ilə çıxış etməsi mümkün deyil. Amma çox təəssüflər olsun ki, Ermənistan heç kəsə lazım olmayan və iqtisadi baxımdan səmərəli olmayan “sülh kəsişməsi” adlı uydurma layihəsini irəli sürür. Bu layihənin realizə olunması mümkün olmayan bir layihədir. Yalnız o halda bu layihə qismən gerçəkləşdirilə bilər ki, hər şeydən öncə Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycanın razılığı olmasa sülh kəsişməsi layihəsi sadəcə bir kağız parçasıdır. Doğurdan da irəli sürülən o layihənin heç bir iqtisadi əsaslanması nəqliyyat-kommunikasiya baxımından səmərəlilik əsaslandırılması yoxdur. Əgər digər bütün məsələləri Ermənistan yerinə yetirərsə, o zaman yenə də bu layihənin icra olunması Azərbaycanın mövqeyindən asılı olacaq”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə