"Ukraynada baş verənlərin günahkarı bu inqilabları ixrac edənlərdir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ukraynanın tarixi kontekstdə uduzdurulması və Ukrayna xalqının bədbəxtliyi Ukraynada baş verən rəngli inqilablarla başladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, nəticə etibarilə Qərbdə olan bəzi dairələr milli dövlətlərə inqilablar ixrac etməklə onları dövlətsizləşdirməyə doğru addımlar atmış oldular: "Həmin dövrdə postsovet məkanında inqilabi dəyişikliklər etmək istədikləri, öz köləsinə çevirmək istədikləri dövlətləri, hətta müxtəlif qruplaşmalar adı altında birləşdirdilər. Nəticədə gəldiyimiz nöqtədə GUAM adı altında birləşdirdikləri ölkələrin hamısında inqilablar baş verdi, Azərbaycan istisna olmaqla. Bu inqilablar Moldovada, Ukraynada, Gürcüstanda baş verdi. Ancaq Azərbaycanda baş tutmadı. İnqilabların baş tutduğu ölkələr dövlətçiliklərini və ərazi bütövlüklərini, müstəqilliklərini, suveren hüquqlarını itirdilər. Ancaq Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində Azərbaycanda inqilabların qarşısı alındı. Tam əksinə Azərbaycan nəinki ərazi itirməyə məruz qaldı, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan müstəqil siyasət həyata keçirərək öz suveren hüquqlarını ərazisinin hər bir qarışında bərpa etmiş oldu. Şübhəsiz ki, bunun üçün Azərbaycanın xarici siyasəti və diplomatiyasına borcluyuq. Xarici siyasət diplomatiyanı və milli siyasəti müəyyənləşdirən ali iradəyə borcluyuq. Azərbaycan Prezidentinin strateji baxışlarına, strateji düşünmə qabiliyyətinə və liderlik keyfiyyətlərinə borcluyuq.
Ona görə də, bu gün Ukraynada baş verənlərin günahkarı, şübhəsiz ki, bu inqilabları ixrac edənlərdir. Bayden, Blinken cütlüyüdür. Bir xalqı əvvəlcədən məğlubiyyəti aydın olan müharibəyə sürükləmək və ondan sonra onu tək buraxıb meydandan qaçmaq namərdlikdir. Bu gün Ukrayna xalqı böyük faciə yaşamaqdadır və bunun günahkarları Amerika Birləşmiş Ştatlarında olan inqilab ixracatçılarıdır. Radikal dəyərlərini mənimsəmiş mərkəzlərdir. Onun da əziyyətini Ukrayna xalqı çəkməkdədir. Məsələ bununla da yekunlaşmır. Çox təəssüf ki, hazırda sol düşüncəli liberalizm, sağlam düşüncə məğlubiyyətə uğramaqdadır. Dünən Almaniya Federativ Respublikasında keçirilən seçkilərdə də xristian demokratların və xristian solçuların koalisiyasının hakimiyyətə gəlməsi bunun göstəricisidir. Amma bundan daha pisi sağ radikalların seçkidən ikinci çıxmasıdır. Bu da faşizmin Avropada təbliği, başqa xalqlar üzərində koloniya qurmaq istəklərinin Makron tərəfindən təbliğ olunmasıdır. Avropada bir Makronizm kabusu gəzməkdədir. Bu kabus şübhəsiz ki, nəticə etibarilə Avropa dəyərlərini, universal dəyərləri sıradan çıxarmaqdadır. Ona görə də, bütün bunların müqayisəsi kontekstində Azərbaycan tarixi bir nailiyyətə imza atıb. Bu, gələcəkdə milli dövlətçiliyimizi daha da gücləndirəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə