"Zelenskinin Türkiyə səfəri hazırda böyük diqqət çəkir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Zelenskinin Türkiyə səfəri hazırda böyük diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, çünki Səudiyyə Ərəbistanının paytaxtında həm də Amerika Birləşmiş Ştatları ilə Rusiya nümayəndə heyəti arasında görüş keçirilib: "Görüş nəticəsində söylənilən fikir bundan ibarətdir ki, ümumi bir qənaət, razılaşma olmasa da, fikirlərin bir sıra hallarda üst-üstə düşməsi müşahidə olunmaqdadır.

Lakin belə bir həssas, kritik məqamda həm də Zelenskinin Türkiyə səfəri də diqqətə alınmalıdır. Çünki Ukrayna, ABŞ və Rusiya arasında keçirilən danışıqlar nəticələrini qəbul etməyə bilər. İndidən də belə bir mövqe hiss olunmaqdadır. Eyni zamanda Avropa İttifaqının da danışıqlara, görüşlərə münasibəti mənfidir. Türkiyə bundan əvvəlki dövrlərdə də həm Antalya diplomatik forumu, həm İstanbul görüşü əsnasında vasitəçilik imkanlarını irəli sürmüşdü. Lakin hazırda bu görüşün keçirilməsindən sonra hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə bir proses də başlaya bilər. Türkiyə prezidentinin Ukrayna prezidenti üzərində çətir qaldırması və təhlükəsizlik zəmanətinə işarə verməsi də hesab edirəm ki, çox böyük mətləblərdən xəbər verir.

Digər tərəfdən Zelenski özü də NATO-dakı ikinci böyük orduya malik olan Türkiyənin mövqeyini, gücünü və yaxın Şərqdə artan geosiyasi aktor kimi nüfuzunu güclü qiymətləndirir. Əlbəttə, Türkiyə də bu coğrafiyada, Avropa məkanında öz siyasi mövqeyini, geostrateji durumunu bir qədər də artıra bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə