""Böyük Qayıdış" proqramı Azərbaycanın hazırda siyasi gündəliyində mühüm bir yer tutur" - MÜNASİBƏT BİLDİRİLDİ

""Böyük Qayıdış" proqramı Azərbaycanın hazırda siyasi gündəliyində mühüm bir yer tutur. Eyni zamanda nəzərə almaq lazımdır ki, qələbəmizin təntənəsi, Zəfərimizin reallaşması yönündə keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı mühüm istiqamət təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, biz gündəlik informasiya bülletenlərində görürük ki, ayrı-ayrı köç karvanları Qarabağ və Şərqi Zəngəzura üz tutur: "Kifayət qədər sevindirici, qürurlu, fəxr ediləsi məqamlardır. Bizim soydaşlarımız öz doğma yurdlarına müasir infrastrukturla əhatə olmasına görə dövlətə minnətdarlıq edirlər. Şübhəsiz ki, bütün bu işlərin başında möhtərəm cənab Prezident İlham Əliyev dayanır. Bu, uzun illər həsrətində olduğumuz arzuların yerinə yetirilməsi anlamını verir.

"Böyük Qayıdış" proqramının tərkibində həm də bizim vətəndaşlarımızın məşğulluq məsələlərinin həll edilməsi, onların infrastrukturunun təminatı və iaşə obyektləri daxil olmaqla bir sıra məsələlərin həlli müstəsna əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu, "Böyük Qayıdış" proqramının ən önəmli tərkib hissəsini formalaşdırır. 2025-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsindən dörd milyard manat vəsait Qarabağın yenidən qurulmasına, Şərqi Zəngəzurun dirçəlməsinə ayrılmışdır. Lakin cənab Prezidentin də söylədiyi kimi biz istərdik ki, bu vəsait iki dəfə artsın. Daha çox imkanlar yenidənqurma işlərinə səfərbər olunsun. Lakin Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanmaması, silahlanması, bölgədə təhdid yaratması Azərbaycanın hərbi xərclərə daha çox diqqət ayırmasına gətirib çıxarmışdır. Ümid edək ki, Azərbaycanın gücü hesabına bərpa olunan torpaqlar insan kapitalı ilə daha da zənginləşəcək. Azərbaycan iqtisadiyyatı üçün burada mühüm işlər görüləcək. Azərbaycan iqtisadiyyatı Qarabağ və Şərqi Zəngəzur hesabına diversifikasiya olunacaq. Bölgənin həm turizm imkanları genişlənəcək, eləcə də xarici sərmayə bu əraziyə cəlb olunacaq. Bu istiqamətdə Azərbaycanın xarici siyasəti, diplomatlarımız böyük iş həyata keçirir. Arzu edək ki, bu işlər uğurla yekunlaşsın".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə