"Əsassız ittihamlar regionda əlavə gərginlik yarada bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Avropa institutlarının ölkələr üzərində təsir rıçaqları barədə kifayət qədər danışılıb. İkili standartlar da öz yerində, yəni oxşar hadisələrə fərqli münasibət bildirmək bəzi beynəlxalq təşkilatların sınaqdan çıxardığı metodlardan biridir. Halbuki, beynəlxalq qeyri-hökumət təşkilatları qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalıdırlar. Təəssüflər olsun ki, həmişə olduğu kimi “Human Rights Watch” Azərbaycana qarşı qərəzli yanaşmasını hələ də davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, bu təşkilat öz hesabatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə beynəlxalq hüququn norma və prinsiplərini də heçə sayır: "Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın Ermənistanın işğalı altında olub və bu işğal nəticəsində bir milyonadək insan məcburi köçkün vəziyyətinə düşüb. İndiyədək 4000-ə yaxın azərbaycanlı itkin hesab olunur. “Human Rights Watch” isə azərbaycanlıların kobud şəkildə pozulmuş hüquqların bərpası üçün təşəbüs belə göstərməyib.

Eyni münasibəti Avropa Şurası da təkrarlayır. Hər iki qurumun qərəzli münasibətinin arxasında Azərbaycanı yürütdüyü müstəqil siyasətdən sapındırmaq dayanır. Avropa Şurası beynəlxalq birlik kimi, üzv dövlətlər qarşısında götürdüyü öhdəliklərə sadiq qalmalıdır. Ədalət, bərabərlik və üzvlərinin suverenliyinə hörmət prinsiplərinə riayət etməlidir. Bəzi avropalı deputatların Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı əsassız ittihamları Azərbaycana qarşı açıq qərəzli münasibətdən xəbər verir. Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Bu cür qərəzli yanaşma isə Azərbaycanla Avropa Birliyi arasında bu günə qədər formalaşmış münasibətlərin ruhuna ziddir, beynəlxalq məsələlərin həllini çətinləşdirir. Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq Azərbaycanofobiya, İslamofobiya nümayiş olunur. Beynəlxalq hüquq hər bir dövlətin hüquq və vəzifələrinə hörmət etməyi tələb edir. Əsassız ittihamlar isə bu prinsipin pozulmasına gətirib çıxara və regionda əlavə gərginlik yarada bilər”.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə