“Samanta Pauerin arxasında duran çox güclü şəxs və qurumlar var” - MÜNASİBƏT BİLDİRİLDİ

“USAİD-in fəaliyyəti ilə bağlı son iki həftə ərzində dünya mediasında yer alan məqamlar xüsusilə də ABŞ-ın müvafiq sturukturlarının verdiyi məlumata istinadən edilən şərh və təhlillər bunu bir daha deməyə əsas verir ki, USAİD sözün əsl mənasında dövlət içində dövlət funksiyasını yerinə yetirən, ilk baxışdan ABŞ-ın bu və ya digər bölgələrdə maraqlarını müdafiə edən, həmin maraqların təmin olunması üçün bütün qanuni və qeyri- qanuni fəaliyyətlərlə məşğul olan bir agentlik qismində özünü nümayiş etdirilib. Verilən materiallarda bu kimi məqamlar kifayət qədər geniş şəkildə qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Allahverənov deyib.

Azər Allahverənov sözlərinə belə davam edib: “O ki qaldı Elon Maskın və digərlərinin konkret olaraq USAİD-in cinayətkar fəaliyyətinə dair etdikləri “x” hesablarındakı paylaşımlar və digər məsələlər, xüsusilə də bioloji silah hazırlamaq üçün USAİD tərəfindən vəsaitin ayrılması, Covid-19-un yaranmasında birbaşa olaraq USAİD-in rol oynaması onu göstərir ki, faktiki olaraq bu agentlik həm də bütövlükdə bəşəriyyətə ziyan gətirən bir fəaliyyətlə məşğul olub. Şübhəsiz ki, burada bir neçə məqam var. Bu məqamları da nəzərə almaq lazımdır. Samanta Pauer elə də güclü firuq deyil ki, burada bir çox məsələlər onun adı ilə bağlanır. Samanta Pauerin arxasında duran çox güclü şəxs və qurumlar var. Hansılar ki, Amerikanın birbaşa daxili və xarici siyasətinə təsir etmə iqtidarında olan şəxslərdir. Həmin şəxslər ABŞ Demokrat partiyasına çox yaxın olan şəxslərdir ki, ən azından onlar xüsusilə də demokratların dönəmində fəallıq nümayiş etdirir, dövlətlərlə münasibətdə ayrıseçkiliyə yol verirlər, müxtəlif dar çərçivədə olan dairə və şəxslərin maraqlarını müdafiə edirlər. USAİD ABŞ-da aparıcı medianın ələ alınması, Böyük Britaniyada BBC və digər media orqanlarına da müəyyən mənada vəsait verməklə sifarişli hansısa materialların hazırlanması kimi manipulativ fəaliyyət həyata keçirən agentlik kimi özünü biruzə verdi.

Azərbaycanda bunu bilirdilər. Azərbaycanda dəfələrlə yüksək səviyyədə ekspertlər tərəfindən USAİD-in Azərbaycana qarşı olan fəaliyyətini dilə gətirirdilər, konkret faktlar ortaya qoyulurdu. USAİD universal dəyərlərlə bağlı olan hansısa şüarlar adı altında real olaraq ölkədə ictimai siyasi mühitə təsir edə biləcək bir zümrənin formalaşması, 5-ci kolonun yaranmasına çalışırmış. Bunun üçün də külli miqdarda vəsait ayırmaqdan çəkinməmişdir ki, yaranan ilk fürsətdə həmin qüvvələrdən ölkədə ictimai siyasi durumu çətin məcraya yönləndirsin, hakim dairələri ələ keçirsin. Bunun da qarşısı zaman-zaman alınırdı.

Amma Donald Tramp hakikiyyətə gələnə qədər USAİD-in mövqeləri güclü idi. İndi bir sıra məsələlər ortaya çıxır. Bu cinayətkar fəaliyyətin əsasını tək hansısa dövlətlərə qarşı münasibətlərə qarşı ayrıseçkilik yox, bütövlükdə dünyada gedən geosiyasi proseslərə bu və ya digər formada təsir edən hərbi dairələrdə USAİD-in müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq elementlərini görürük. Bu artıq ABŞ mediasında geniş şəkildə işıqlandırılan mövzulardır.

Azərbaycanda USAİD-in fəaliyyəti ilə bağlı olan məqamlar bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi üzərindən biruzə verirdi. Çünki Samanta Pauer və ona yaxın şəxslərin zaman-zaman Ermənistana, işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi, separatçılığı təbliğ edən dairələrə maliyyə yardımı göstərilməsi, onlardan hədiyyələr alması onu göstərir ki, Samanta Pauerlə Ermənistan rəhbərliyi arasında çox sıx əlaqələr olub. ABŞ-ın xarici siyasətinin Cənubi Qafqazla olan elementi daha çox USAİD-in buradakı fəaliyyəti üzərindən təşkil olunub”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə