"USAİD şantaj, ikili siyasət, manipulyasiya ilə məşğul olurdu" - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ prezidenti Donald Tramp və İlon Maskın atdığı addımlar da bir daha göstərdi ki, USAİD hansı əməllərlə məşğul idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, hətta Amerika daxilində də müəyyən qruplar bununla razı deyil: "Onlar arasında olan vətəndaş müharibəsi, daxili çəkişmələr öz yerində, amma fakt ondan ibarətdir ki, dünyada qeyri-sabitlik, inqilablar və sair, həm də USAİD kimi müxtəlif qurumlar tərəfindən həyata keçirilirdi. İnsan haqları, demokratiya, humanitar məsələlər adı altında həm də əlavə olaraq siyasi məsələlərlə konkret olaraq USAİD məşğul olurdu. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barəsində, guya ki, müstəqil araşdırmalar aparan USAİD faktiki olaraq şantaj, ikili siyasət, manipulyasiya ilə məşğul olurdu. Uzağa getmək olmaz, Qarabağ ətrafında baş verənlərlə bağlı P.Samantanın atdığı addımlar hər kəsə məlumdur. Yaxud da, Ruben Vardanyanın Samanta ilə münasibətləri və yenə də bu istiqamətdə çirkin oyunlar, hansısa mafiyalar, hansısa agentura şəbəkəsi ilə, onlar arasındakı əməkdaşlıq da hər kəsə məlumdur. Belə olan təqdirdə Azərbaycan hakimiyyəti vaxtında, uzaqgörən siyasət yürüdərək hələ təxminən 10 il bundan əvvəl xarici fondlar, xarici qurumların, institutların, Azərbaycan daxilində bu və yaxud digər şəkildə öz maliyyə imkanları hesabına, daxili işlərinə qarışmasına imkan vermədi. Yaxın gələcəkdə də nə Amerika Birləşmiş Ştatlarının, nə də digər ölkələrin bu kimi maraq qruplarının ölkə daxilində iştirakına düşünürəm ki, icazə verilməyəcək. Bu istiqamətdə ardıcıl olaraq işlər aparılacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə