"Uğurlarımız təqdir edilməlidir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Azərbaycan bu gün tək Avrasiyanın deyil, dünyanın ən güclü, dayanıqlı, etibarlı nəqliyyat və loqistika mərkəzlərindən biri kimi qiymətləndirirlir". Bu sözləri SİA-ya açıqlaması zamanı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, dünya iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət daşıyan nəqliyyat marşurutlarının Azərbaycanda kəsişməsi və bu yolların Şərqdən Qərbə, Şimaldan Cənuba uzanması dövlətimizin beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməyə imkan yaradır.

“Dövlətimizin rəhbəri cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etmişdir ki, “ Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”. Bu, reallıqdır və sözsüz ki, ölkənin nəqliyyat sektorunda son illər həyata keçirilən islahatların nəticəsidir. Dəmir yolu, su, mülki hava və avtomobil yolları kimi mühüm sahələrin yenidən qurulması, vahid dövlət siyasətinin tərkib hissəsi kimi formalaşdırılması, nəqliyyat sektorunun inkişafına və təşkilatlanmasına qayğı göstərilməsi öz bəhrələrini verməkdədir.

Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilibdir. 335 körpü və yol ötürücüsü, 45 tunel,163 yeraltı və yerüstü keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Cənab İlham Əliyev tərəfindən müşavirədə nəzərə çatdırılan bu rəqəmlər həyata keçirilən layihələrin, görülən tədbirlərin kiçik bir hissəsi olsa da nəqliyyat sektoruna verilən önəmin, göstərilən qayğının nümunəsi kimi xarakterikdir.

Müşavirədə Zəngəzur dəhlizi layihəsinin Azərbaycan tərəfindən irəli sürülməsi və bunun bir çox dövlətlər tərəfindən dəstəklənməsi müsbət hal kimi qiymətləndirilmiş və bu dəhlizin qitələrarası əhəmiyyət daşıdığı – Çindən gələn malların Türkiyə vasitəsi ilə Avropaya daşınmasına zəmin yaratması, Avropa ilə Asiya arasında önəmli ticarət marşurutu olması nəzərə çatdırılmışdır. Cənab Prezident bildirmişdir ki, “ həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək”.

Əlbəttə qəbul olunan bütün dövlət proqramları, əsaslı layihələr Azərbaycanın inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və milli maraqlarımızın təmin olunmasına xidmət edir. Bu qürur doğurur və sözsüz ki, təqdir edilməli, alqışlanmalıdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə