Azad edilmiş ərazilərdə yenidənqurma işlərində Türkiyə və Özbəkistanın göstərdiyi dəstək Azərbaycan tərəfindən təqdir olunub. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
Nazir həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib.
Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərdə təcrid olunmuş torpaqlarda nəqliyyat-infrastruktur quruculuğunun, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın göstərdiyi dəstək təqdir olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə