"Prezidentin Forumda iştirakı Azərbaycanın səsinin dünya birliyində eşidilməsində böyük rol oynayır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Davos İqtisadi Forumu dünyanın qeyri-formal parlament rolunu oynayan bir tədbir kimi artıq çoxdan tarixə yazılıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən görüşlərdə bütün dövlətlərin rəhbərləri, tanınmış insanları, iqtisadçılar, iş adamları görüşərək dünyanın iqtisadi problemlərini müzakirə edirlər: “Ayrı-ayrı platformalarda ayrı-ayrı regionların və yaxud da ayrı-ayrı problemlərin müzakirəsi keçirilir”.

Aydın Mirzəzadə sözlərinə belə davam edib: “Bundan başqa, həm çoxtərəfli, həm ikitərəfli görüşlər keçirilərək dünyada gedən proseslərin həlli yolunda birgə tədbirlər hazırlanıb.

Cənab Prezident uzun müddətdir ki, Davos İqtisadi Forumunda iştirak edir, Azərbaycanın həqiqətlərini səsləndirir, Azərbaycanla işbirliyi qurmaq istəyən tanınmış şirkət rəhbərləri ilə görüşüb, eyni zamanda ayrı-ayrı dövlət rəhbərləri ilə siyasi görüşlər keçirərək ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün müvafiq addımlar atırdı.

Cənab Prezidentin Davos iqtisadi forumunda iştirakı Azərbaycanın səsinin dünya birliyində eşidilməsində böyük rol oynayır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə