AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb - Prezident

Prezident İlham Əliyev rusiyalı həmkarına “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını deyib. SİA-nın məlumatına görə, bu barədə dövlət başçısı dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.

Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə