Ombudsman Aparatı ilə DİA arasında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandumun imzalanma mərasimindən əvvəl “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva hazırda Ombudsman Aparatı ilə ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bu əməkdaşlıq çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbə və magistrantlarının təsisatda istehsalat və elmi-tədqiqat təcrübəsi keçdiyini bildirib. Eyni zamanda, bu günədək təsisatda çalışan əməkdaşların Akademiyada ali təhsilin müxtəlif səviyyələri üzrə təhsil aldığını, həmçinin əlavə təhsilə cəlb olunduğunu diqqətə çatdırıb.

Müvəkkil Memorandumun imzalanması nəticəsində hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyini, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış kadrların formalaşmasında, müvafiq sahədə elmi işlərin sayının artırılmasında daha böyük nailiyyətlərin əldə olunacağını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin innovativ dövlət idarəçiliyi konsepsiyası: nəticələr və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Rektor dövlət idarəçiliyi sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizin davamlı inkişaf etdiyini və bu sahədə respublikamızın yüksək göstəricilər əldə etdiyini diqqətə çatdırıb.

Daha sonra Ombudsman Səbinə Əliyeva və DİA-nın rektoru Urxan Ələkbərov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Anlaşma Memorandumun əsas məqsədi Ombudsman təsisatı ilə DİA arasında əlaqələrin daha da genişləndirilməsi, insan hüquqlarının təbliği, tədrisi və tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə