"2025-ci ildə nəhayət ki, bu proses bitəcək" - ŞƏRH EDİLDİ

"Heç bir müharibə, heç bir düşmən münasibət əbədi olmur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, düşmənçilik bir yerdə bitir: "Bitdikdən sonra da savaşan tərəflər bir araya gəlir, anlaşır və sülh bağlayırlar. Tarixdə elə bir hal olmayıb ki, müharibələr nəticəsində millətlər əbədi olaraq düşmənçilik etsinlər. Fransa ilə Böyük Britaniya, Fransa ilə Almaniya, Amerika Birləşmiş Ştatlarının quzey və güneyi, Rusiya ilə Almaniya, yəni tarix boyu o qədər müharibələr olub ki, bu müharibələrin hamısının sonunda tərəflər razılığa gəliblər, anlaşıblar. Ermənistanla Azərbaycan arasında da sülh, əlbəttə ki, olacaq. Əlbəttə ki, anlaşma olacaq. Mən şəxsən çox əmin və ümidliyəm ki, 2025-ci ildə tərəflər, nəhayət ki, sülh müqaviləsini imzalayacaqlar. Əsasən, burada maneçilik törədən üçüncü tərəfləri oyundan çıxarmaq mümkün olsa, sülh müqaviləsi üçün elə də ciddi əngəl qalmır. Söhbət hansısa güclərdən gedir. Ən çox mane olan Fransa, onunla bərabər Rusiyadır. Bunlar ortalıqdan çəkilərsə, əminəm ki, Ermənistan daşı ətəyindən töküb, nəhayət ki, qalıcı bir sülhün başlanğıcı olan müqaviləni imzalamağa hazır olacaq.

Əslində müqavilənin mətni ilə bağlı razılaşmalar yüksək səviyyədədir. Bu yaxınlarda Ermənistan rəsmiləri də bildirdilər ki, 17 maddədən 15-i ilə bağlı razılaşma əldə edilib. Yerdə qalan iki maddədir. O maddələrlə bağlı razılaşmanın əldə edilə biləcəyi əsintiləri var. Mən düşünürəm ki, 2025-ci ildə nəhayət ki, bu proses bitəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə