"Ermənistan bu gün silahlanır" - ŞƏRH EDİLDİ

"Ünvanlanan suallara istinadən deyə bilərəm ki, bu sualları incələyən hər bir şəxs açıq-aşkar bizim də regionda yenidən müharibə ocağının alovlandırılması istiqamətində atılan addımları görə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, bu addımları kim atır, bəllidir: "Dünyanı bu gün qarışdıran, dünyanın bütün nöqtələrinə xaos gətirən qüvvələr var. Onlar istəyirlər ki, Qafqazda da bu vəziyyəti körükləsinlər. Ən acınacaqlısı da odur ki, Qafqaz dövlətləri içərisində xüsusən də Ermənistanın əli ilə Qərbin bəzi dairələri öz çirkin niyyətlərini addım-addım həyata keçirməyə çalışırlar. Paşinyanın öz istəyinə qalsa, hesab etmirəm ki, Paşinyan Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı yenidən müharibə, yaxud da lokal müharibələr həyata keçirsin. Əksinə Paşinyan özü qərarı vermiş olarsa, müharibə başlatmaq niyyətində olsa, hesab edirəm ki, bu, Paşinyanın tamamilə sonunu gətirmiş olar. Çünki 2020-ci il müharibəsindən və ondan sonrakı antiterror əməliyyatı göstərdi ki, Ermənistan dövlətinə Azərbaycan ordusu elə zərbə vurub ki, heç vaxt Azərbaycanla yenidən üz-üzə gəlməz. Amma Paşinyanın rəhbərlik etdiyi Ermənistan reallıqdır ki, bu gün silahlanır. Silahlanırsa da, bu, Qərbin təlimatı əsasındadır. Çünki Paşinyan Ermənistan dövlətinin, xalqının seçdiyi hökumət başçısı deyil. Mənə görə, o adam Qərb qarşısında müqavilə imzalayıb. Qərbin işə götürdüyü insandır. Paşinyan müqavilə əsasında baş nazir səlahiyyətini icra edirsə, mütləq Qərbin təlimatlarını həyata keçirir. Bu, acınacaqlıdır. Çünki öz daxilimizdə artıq Qərblə işləyən Ermənistan kimi bir dövlət var. Bu da şübhəsiz ki, Rusiyaya qarşı oynanılan oyundur. Sadəcə Azərbaycan üzərindən bunu həyata keçirmək istəyirlər.

Gürcüstanda da baş verən hadisələrə baxarkən məlum olur ki, Qafqazda oynanılan oyunların son dayanacaq nöqtəsi Rusiyadır. Ən qorxulu, təhlükəlisi ondan ibarətdir ki, bu gün Ukraynada, Suriyada Rusiyanın başını qatan Qərb ikinci cəbhə kimi Qafqazdan Rusiyaya qarşı cəbhə açmaq niyyəti güdə bilər. İnşallah da elə olmaz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə