"Azad olunmuş ərazilər cənnətə çevrilir" - ŞƏRH OLUNDU

“Müzəffər Ali baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal­dan azad olunmuş ərazilərimizin bərpası sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur. İndi mənfur düşmənin vax­tilə viran qoyduğu torpaqlarımızda həyat canlanır, qədim və əzəli yurd yerlərimiz tamamilə yenidən qurulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında, yerli televiziya kanallarına müsahibəslərində, azad olunmuş ərazilərimizdə sakinlərlə görüşlərdə Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən işlər barədə məlumat verərkən işğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələrinin icra olunduğunu bildirir. Hər səfər zamanı da oralarda görülən işlər. əldə olunan nəaliyyətlərin hər biri ölkə başçısına məruzə edilir.

Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. Vətən müharibəsindən sonra qazanılan növbəti qələbə, Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi, məcburi surətdə torpaqlarından çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması, ölkəmizin sürətli iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi baxımından strateji əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsi olaraq separatçı rejim ləğv olundu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu, suveren hüquqlarımız tam bərpa olundu.

Son 4 ildə Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara etdiyi çoxsaylı səfərlər, həm tarixi ədalətin bərpasını, həm də Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirib. Prezidentin hər bir səfəri və çıxışı, azad edilmiş ərazilərin yenidən qurulması prosesinin mərhələlərini, bu rayonların iqtisadi və sosial həyatına yeni nəfəs gətirilməsini əks etdirir. Bu dövr ərzində həyata keçirilən layihələr və jurnalistlərin hazırladığı materiallar, bu inkişaf prosesini canlı mənzərə şəklində təqdim edir.“Prezidentin izi ilə” layihəsi bu məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, jurnalistlərin bu rayonlara səfərləri zamanı azad edilmiş ərazilərin keçmiş və indiki vəziyyəti ilə bağlı reportajlar hazırlanıb. Bu materiallar, bərpa işlərinin miqyasını, sürətini və gələcək perspektivlərini işıqlandırır. Onların təqdim etdiyi foto və video materiallar, dağıntılarla dolu mənzərələrin yenidən qurulan cənnətə çevrilməsini göstərir. Azad olunmuş ərazilərə qayıdan sakinlərin sevinc dolu sözləri və gələcəyə olan ümidləri də bu reportajların ayrılmaz hissəsidir.

Prezident cənab İlham Əliyevin bu illərdəki səfərləri və fəaliyyətləri azad edilmiş torpaqların dirçəldilməsi yolunda tarixi bir dövrün əsasını qoyub. Həm çıxışlar, həm də həyata keçirilən layihələr, Azərbaycanın bu torpaqlara həyat qaytarmasını, milli birliyi və əzmkarlığı göstərir. Bu 4 ilin mənzərəsi, yalnız azad edilmiş ərazilərin yenidən qurulması deyil, həm də bütün Azərbaycanın dayanıqlı inkişafı üçün yeni üfüqlərin açılmasını əks etdirir.

Azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü və iradəsini göstərən mühüm addımlardır. Bölgələr yalnız hərbi olaraq azad edilməmiş, həm də sosial, iqtisadi və mədəni baxımdan yenidən qurulmuşdur. Proses həm yerli əhalinin, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaradır. Bu bərpa və yenidənqurma işləri, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini qorumağa və möhkəmləndirməyə yönəlmişdir, həmçinin keçmiş məcburi köçkünlərin təkrar doğma torpaqlarına qayıtmasına şərait yaradır.

Qeyd edək ki, azad olunmuş ərazilər İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi və eləcə də ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məsələsi mühəüm əhəmiyyətə malikdir. Bununla bağlı da, Prezident cənab İlham Əliyevin 2021-ci il 10 dekabr tarixli İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncamı vardır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş torpaqların iqtisadiyyata reinteqrasiyası, ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün mühüm strateji imkanlar yaradır. Bu proses yalnız həmin ərazilərin bərpası ilə məhdudlaşmır, həm də bütövlükdə Azərbaycanın iqtisadi, sosial və ekoloji inkişafını gücləndirən amillərdən birinə çevrilir.

Əsas təsirlər:

1. Təbii resursların istifadəsi

Azad edilmiş torpaqlardakı zəngin təbii ehtiyatlar (mineral sular, qızıl və digər faydalı qazıntılar) milli iqtisadiyyata mühüm töhfə verir. Bu, yalnız yeni iqtisadi sektorların inkişafına deyil, həm də ixrac potensialının artmasına səbəb olur. "İstisu" kimi brendlər isə iqtisadi brendinqi gücləndirir.

2. Kənd təsərrüfatının dirçəldilməsi

Qarabağ və Şərqi Zəngəzur bölgələri kənd təsərrüfatı üçün çox əlverişli iqlim və torpaq resurslarına malikdir. Bu ərazilərin yenidən əkin dövriyyəsinə daxil edilməsi ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatı məhsullarının ixracına yeni imkanlar açır.

3. Turizmin inkişafı

Qarabağ regionunun təbii gözəllikləri və mədəni irsi turizm sektorunun inkişafı üçün unikal fürsətlər yaradır. Xüsusilə Kəlbəcər, Şuşa və Laçın bölgələri həm daxili, həm də beynəlxalq turistlər üçün cəlbedici mərkəzlərə çevrilə bilər.

4. Rəqəmsal və yaşıl iqtisadiyyatın təşviqi

Yenidənqurma prosesində tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılmasına və yaşıl texnologiyaların tətbiqinə xidmət edir. Bu yanaşma yalnız ekoloji baxımdan dayanıqlılığı təmin etməklə qalmır, həm də innovativ iqtisadiyyatın inkişafını sürətləndirir.

5. Sosial inteqrasiya və əhalinin məşğulluğu

Reinteqrasiya prosesi zamanı həmin bölgələrdə yaşayan insanların işlə təmin olunması və yaşayış səviyyəsinin artırılması inklüziv inkişafı təşviq edir. Bu, həm də ölkənin regional bərabərliyinin təmin olunmasına gətirib çıxarır.

Yeni üfüqlər:

İşğaldan azad edilmiş torpaqların iqtisadiyyata qaytarılması Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf strategiyasında mühüm yer tutur. Regionun bərpası təkcə iqtisadi mənfəət deyil, həm də milli birliyi və suverenliyi gücləndirən amildir. Azərbaycanın bu istiqamətdəki uğurları həm daxildə, həm də beynəlxalq arenada ölkəmizin gücünü nümayiş etdirir.

Son olaraq qeyd edək ki, ölkə rəhəbrinin azad olunmuş ərazilərimizə səfərləri zamanı bir sıra infrastrukturların açılışı və təməlqoyma mərasimləri həyata keçirilir və bu proses tam surətlə davam edir. Belə böyük layihələrdən biri də 2024-cü il sentyabrın 2-də Kəlbəcərdə yerləşən açılışı baş tutmuş “İstisu” mineral su zavodudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin mineral su zavodunun açılışında iştirak etmişdir. Açılışda bildirilmişdir ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir. Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.Kəlbəcərin məşhur “İstisu” mineral suyu, Azərbaycanın zəngin təbii sərvətlərindən biri olaraq, işğaldan azad edilmiş torpaqların simvolik sərvətinə çevrilib. Bu suyun rəsmi qəbul və görüşlərdə təqdim edilməsi yalnız təbii resurslarımızın dəyərini vurğulamaqla qalmır, həm də əldə olunan Qələbələrin iqtisadi və mədəni nəticələrini tərənnüm edir. "İstisu", uzun müddət işğal altında olan Kəlbəcərin iqtisadi potensialını və Azərbaycanın bu ərazilərdə suverenliyini bərpa etməsini ifadə edir. Beynəlxalq tədbirlərdə bu suyun təqdim edilməsi, Azərbaycanın qələbəsinin simvolik ifadəsi olaraq, xalqımızın həmrəyliyini və Qarabağın tam olaraq Azərbaycan torpağı olduğunu dünyaya göstərmək baxımından mühüm əhəmiyyət daşıyır.Bu cür təşəbbüslər həm də azad edilmiş ərazilərin yenidən qurulması və təbii sərvətlərin milli iqtisadiyyata qaytarılması prosesinin bir göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə