"Hər bir səmimi müxalifətçi müsbətləri də görməli və dilə gətirməlidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“17 noyabr xalqımızın və dövlətimizin tarixində olduqca müqəddəs gündür. Xalqımızın milli oyanışı, Bakıda milli azadlıq hərəkətının başlaması buna paralel Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müqəddəs üç rəngli bayrağımızın qaldırılması böyük tarixi əhəmiyyətli məsələdir. Fikrimcə bu xalq və lider həmrəyliyinin, vəhdətinin bariz nümunəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “1988-ci ilin noyabr-dekabr aylarında xalqımız Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasətinə, eyni zaman bir dövlət olaraq təbii sərvətlərimizin talanmasına qarşı bir nəfər kimi səfərbər olduğu böyük bir tarixdir. Hansı ki, fikrimcə 17 noyabr müstəqilliyə gedən böyük yolun başlanğıcı oldu.
Eyni zamanda mütləq formada söylənməlidir ki, bu günün ən möhtəşəm əhəmiyyəti Ulu Öndərin adı, tarixi missiyası ilə bağlıdır. Tam bir qərinə - 34 il öncə, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında müqəddəs üç rəngli bayrağımızı ucaltdı. Hansı ki, bu gün o müqəddəs bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütün və bütöv Azərbaycanda qürurla dalğalanmaqdadır.
Bu günü - 17 noyabrı Prezident İlham Əliyevin qətiyyətli siyasi qərarları sayəsində nəhayət ki, xalqımız əsl bayram kimi ürəkdən duymaqdadırlar…Bütün bunları müxalifət lideri olaraq etiraf etməliyəm. Fikrimcə siyasət reallıqları dananların yox, reallıqları olduğu kimi görənlərin peşəsidir. Fikrimcə hər bir səmimi müxalifətçi tənqidləri söylədiyi kimi, müsbətləri də görməli və dilə gətirməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə