Şavkat Mirziyoyev İlham Əliyevə COP29-un uğurla keçirilməsini arzulayıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə COP29 konfransının keçirilməsində böyük uğurlar arzulayıb. SİA xəbər verir ki, bunu Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) sammitində çıxışı zamanı bildirib.
"Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi gələn həftə Bakıda COP29 qlobal sammitinin öz işinə başlaması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir və böyük uğurlar arzulayıram. İqlim dəyişikliyi ilə bağlı kəskin ekoloji problemlərin həlli üçün nazirlər səviyyəsində Türk Ekoloji Şurasının yaradılmasını sürətləndirməyi zəruri hesab edirik. Şuranın ilk görüşünü gələn il Özbəkistanda keçirməyə hazırıq", - o bildirib.
Bundan əlavə, Özbəkistan lideri gələcəyin iqtisadiyyatının geniş tətbiqinə yönəlmiş Rəqəmsal Türk Dünyası Konsepsiyasının hazırlanması təşəbbüsü ilə çıxış edib:
"Bu konsepsiya IT sahəsində ölkələrimizin qabaqcıl təcrübə və nailiyyətlərinin qarşılıqlı mübadiləsinə, rəqəmsal innovasiya sistemlərinin, böyük data mərkəzlərinin yaradılmasına xidmət edəcək".
Ş.Mirziyoyev həmçinin təşkilata daxil olan dövlətlərin xarici ticarət dövriyyəsində TDT-nin daxili qarşılıqlı ticarətinin aşağı səviyyədə olduğunu söyləyib:
"İdxalımızın böyük hissəsi üçüncü ölkələrin payına düşür. Bu istiqamətdə vəziyyəti köklü şəkildə dəyişməyin vaxtı gəlib çatıb. İlk növbədə, tarif və qeyri-tarif maneələri aradan qaldırılmalı, ticarət və gömrük prosedurları sadələşdirilməli, elektron ticarət platformalarının inkişafı haqqında konkret sazişlər və razılaşmalar hazırlanmalıdır. Ticarət potensialımızın genişləndirilməsinə yönəlmiş dərin tədqiqatların aparılması üçün yaxın perspektivdə Daşkənd şəhərində aparıcı milli analitik mərkəzlərimizin forumunu təşkil etmək çox aktual olardı".
Xatırladaq ki, COP29 noyabrın 11-22-də Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə