"Gürcüstan və Ermənistandakı proseslər ABŞ və Rusiya arasında heç-heçədir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan və Gürcüstanda baş verən proseslər ABŞ-ın yeni siyasi texnologiyasıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, əsas məqsədi ondan ibarətdir ki, ABŞ bu iki dövlətdə sınaqdan keçirir və "keçmiş sovet respublikalarına necə tətbiq etmək olar, hansı çatışmazlıqlar var, nələri nəzərə almaq lazımdır, nələr yaddan çıxıb?" bu suallara cavab tapmaq üçün həyata keçirilən bir siyasət həyata keçirir: "Əslində Ermənistanda baş verən proseslər birmənalı şəkildə daha çox ABŞ-la bərabər Rusiyanın da maraqlarına uyğundur. Rusiya istəyir ki, hakimiyyətdən getsin, ABŞ da istəyir ki, istədiyi adamı hakimiyyətdə necə saxlaya bilər. Bir növ həm Rusiya, həm də ABŞ Ermənistanda baş verən hadisələrdən özləri üçün siyasi texnologiya hazırlayırlar. Amma proseslər sönmək üzrədir".

"Əslində Rusiyanın Ermənistanda dövlət çevrilişi etməyə gücü çatmadı. Gürcüstanda da demək olar ki, Rusiya və Amerikanın maraqları toqquşur. Çünki yeni qanun qəbul olunandan sonra Gürcüstanda daha çox meyil şimala tərəfdir. Əslində Gürcüstan və Ermənistanda baş verən proseslər Qərbin Rusiya qarşısında siyasi cəhətdən gücsüz olduğuna dəlalət edir. Çünki əgər Qərb vaxtilə Gürcüstanda "Qızılgül inqilabı" edə bilmişdisə, bu dəfə heç nə alınmadı. Hətta prezident səviyyəsində belə Gürcüstan bu məsələlərdən çıxa bildi. Əgər ümumi şəkildə götürsək, Gürcüstan və Ermənistandakı proseslər ABŞ və Rusiya arasında heç-heçədir. Yəni Ermənistanda ABŞ siyasi qələbə qazandısa, Gürcüstanda Rusiya siyasi qələbə qazanıb. Amma onların Cənubi Qafqaza təsirinə gələndə hər iki variantda yaxın gələcəkdə Orta Asiya respublikaları və Azərbaycan üçün tətbiq olunma ehtimalı var. Hazır olmalıyıq ki, hansı məsələlərdə Azərbaycana bunu tətbiq edə bilərlər.

Son zamanlar həm bizim xaricdəki özlərini blogger sayanlar, həm də ölkə daxilindəki bəzi qüvvələrin fəallaşması onu göstərir ki, Qərb Azərbaycanda belə bir hazırlığa başlayıb. Amma heç özlərini yormasınlar, bu, alınmayacaq. Çünki Azərbaycan Qərbi də, Rusiyanı da yaxşı tanıyır. Biz nə Qərbin, nə də Rusiyanın yanındayıq. Biz özümüzün yanımızdayıq. Türkiyə, Pakistan, İsrail yanımızdadır. Biz də onların yanındayıq. Belə bir şəraitdə Azərbaycan çox güclüdür. Nəzərə alsaq ki, Azərbaycan Prezidenti peşəkar diplomatdır, uzaqgörən, ağıllı bir siyasətçidir. Eyni zamanda dünya səviyyəsində tanınan bir siyasətçi olan Heydər Əliyev akademiyasını qurtarıb. Ona görə Azərbaycana hal-hazırda siyasi zaval yoxdur. Bunu əminliklə söyləmək olar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə