"Bəzi dövlətlər vasitəçilik etmək yerinə Ermənistanı yola gətirsələr..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan dəfələrlə bəyan edir ki, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və münaqişə bitib. Amma sanki bəzi qərəzli dairələr bizdən əl çəkmir, öz maşaları Ermənistanın əli ilə yenidən münaqişəyə cəlb etmək istəyirlər. Burada da məqsəd aydındır. Tarixdə hər zaman belə olub, inkişaf edən, müstəqil siyasəti olan ölkələri məqsədli şəkildə yenidən münaqişəyə cəlb etməklə geri atmağa və özündən asılı vəziyyətə salmaq istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu təxribatçı qüvvələrin əlinə bəhanə düşməsin deyə cənab Prezidentin inaqurasiyadan sonra ən məşğul vaxtda, ilk səfərini Türkiyəyə edəcəyi halda birinci Münxen Təhlükəsizlik Konfransına getdi, bir daha dövlətimizin mövqeyini çatdırdı: "Lakin orada olmayan qüvvələr səhəri günü məkirli çıxışlar etməyə başlayıblar. Ölkə ilə bağlı bu qədər vacib işlər var. Amma bunlar istəyir ki, Prezident İlham Əliyev işini gücünü atıb bunların danışıqlarına qatılsın, vasitəçi də bir deyil, iki deyil. Axı Azərbaycan tərəfdən nə məsələ qalıb ki, həll edilməyib? İndi top Ermənistan tərəfdədir, zəhmət çəkib İrəvana təzyiq etsinlər. Masada olan məsələlər faktiki Ermənistanın öhdəliyi ilə bağlıdır. Çünki Ermənistan nə Zəngəzur yolunu açır, nə 8 kəndi azad edir, nə də deportasiyaya məruz qalmış azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün bir iş görür".

V.Əhmədov sözlərinə davam edərək bildirib ki, bu gün iş aparılmalı olan ölkə, hədəf obyekti Ermənistan olmalıdır: "Təəssüf ki, bunlar Ermənistan bizim coğrafiyaya hansı missiya ilə yerləşdirilmişdisə, eyni şeyi davam etdirir, bölgənin inkişafını pozmağa çalışır. Azərbaycan isə bütün qonşu dövlətlərlə yaxşı münasibətlərə malikdir və heç bir ölkə ilə konfliktin olmasında maraqlı deyil. Vasitəçilik təşəbbüsündə olan ölkələr Ermənistanı yola gətirsələr, bütün məsələlər öz həllini tapar. Hesab edirəm ki, nə Qərb, nə də Rusiya bu 30 ildə regionda vasitəçiliklə bağlı ciddi bir irəliləyişə nail ola bilməyib. Ona görə də yeganə yol İrəvanın Türkiyə və Azərbaycanla hesablaşmasından və iş birliyindən keçir. Cənubi Qafqazın taleyini elə bu region dövlətləri oturub həll edə bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə