"Azərbaycanın hərbi parad keçirməsi bir sıra dövlətləri narahat edir" - ŞƏRH EDİLDİ

"Qələbəmizin üçüncü ildönümündə Zəfər bayramımız, hərbi paradımız Xankəndi şəhərində keçiriləcək. Bu hadisə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təntənəsi, eyni zamanda 30 il ərzində havadarlarının dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin üstündən xətt çəkilməsi kimi xarakterizə olunur. Hər bir azərbaycanlı üçün Zəfər günü Şuşa şəhərinin azad olmasını xarakterizə etməklə yanaşı, həm də qürur ünvanıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, Azərbaycan və onun müttəfiqlərindən kənar bir sıra gücləri Xankəndidə hərbi paradın keçirilməsi narahat etməkdədir: "Xüsusilə də Ermənistanda revanşist qüvvələr və mövcud siyasi hakimiyyət arasında məqsədli şəkildə Azərbaycanın Xankəndidə hərbi parad keçirərək Ermənistana güc nümayiş etdirməklə bağlı absurd təbliğat aparılmaqdadır. Hesab edirəm ki, Azərbaycan 44 günlük Vətən müharibəsində və bir sutkalıq antiterror tədbirlərində separatçılara, revanşist qüvvələrə və onların havadarlarına öz gücünü nümayiş etdirib. Bu mənada bizim növbəti dəfə kiməsə güc nümayiş etdirmək planımız mövcud deyil. Bu, Azərbaycana qarşı revanşist düşüncədə ola biləcək tərəflərə qətiyyətli mövqeyimizin nümayişidir".

Politoloq sözlərinə davam edərək bildirib ki, əgər Ermənistan bölgədə sülh və əməkdaşlıqda maraqlıdırsa, bu hərbi paradın ona heç bir təhlükəsi və ya aidiyyatı yoxdur: "Amma Ermənistanda Azərbaycana qarşı revanşizm düşüncələri genişlənəcəksə, ərazi iddiaları yenidən gündəmə çıxacaqsa, bu zaman onların ehtiyatlanmağa əsası var. Digər tərəfdən Xankəndi şəhərində hərbi paradın keçirilməsi həm də Azərbaycanın iqtisadi gücünün nümayişidir. Çünki müstəqil xarici siyasət yeritmək və gücıü orduya sahib olmaq üçün müstəqil iqtisadiyyata sahib olmaq lazımdır. Azərbaycan Xankəndidə hərbi parad keçirərkən iqtisadi gücümüzə əsaslanan imkanlarımızı nümayiş etdirəcək. Bununla da Ermənistana, separatçılara, onların havadarlarına çirkin planları qarşısında Azərbaycanın hansı gücdə olduğu sübut olunacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə