“Yeni bir qarşıdurma olarsa, Fransa məsuliyyət daşıyacaq” - TÜRK POLİTOLOQ

“Fransa Vətən müharibəsində Azərbaycan əleyhinə mövqe tutub. Məlumdur ki, Fransa müharibədən sonra bölgədəki sülh səylərindən kənarda qaldı, prosesə mənfi təsir edəcək bəyanatlar verdi və separatizmi dəstəkləyən rəftar nümayiş etdirərək özünü bölgədən daha da təcrid etdi”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Fransanın bu münasibəti göstərir ki, o, bu gün üzləşdiyi müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən nəticə çıxarmayıb və bu mövzuda əvvəlki siyasətlərini davam etdirir: “Fransa rəsmiləri Azərbaycan əleyhinə bəyanat və təşəbbüslərdə Ermənistandan da fəaldırlar. Əgər yeni müharibə başlasa, bundan Fransa məsuliyyət daşıyacaq”.

Hakan Aktürk sözlərinə belə davam edib: “Fransanın Ermənistana silah verməsi onun hansı mövqedə olmasını bildirir. Bölgədə yeni bir qarşıdurma olarsa, bunun məsuliyyəti Fransanın üzərinə düşəcək. Fransa heç vaxt Azərbaycanın yanında olmayıb. O bunu hər dəfə öz əməlləri ilə açıq-aşkar bildirir. Azərbaycanın tərəfində olmaq bir yana, Azərbaycan xalqına qarşı da düşmən mövqedə olduğunu dəfələrlə sübut edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə