"Avropa İttifaqı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə məcburdur" - KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquq normalarına əsaslanır və bilavasitə onun suverenliyinə, sərhədlərin toxunulmazlığına xidmət edir. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır və Qarabağ dövlətimizin bir hissəsi kimi təsdiq olunur. Belə olduğu halda Qarabağda qeyri-qanuni silahlı birləşmələrin yerləşdirilməsi və onların həmin ərazilərdə fəaliyyəti Azərbaycanın suverenliyinə bir təhdiddir. Bunu nəinki dünya, eləcə də Avropa İttifaqı yaxşı bilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu barədə dəfələrlə istər prezidentlər, istərsə də XİN rəhbərliyi səviyyəsində görüşlər keçirilib: "Əlbəttə ki, bu gün beynəlxalq hüquq hər hansı bir ölkədə qeyri-qanuni silahlı birləşmələrin yerləşdirilməsinin əleyhinədir. Avropa İttifaqının Azərbaycan haqqında səsləndirdiyi fikirlər haqq-ədalətin müdafiə olunmasıdır. Təəssüf ki, Aİ bir çox hallarda bunu nəzərə almırdı və təcavüzkarların mövqeyini müdafiə etmək fikrində olurdu. Lakin Azərbaycan öz ərazisində lokal xarakterli antiterror tədbirləri həyata keçirdikdən sonra dünya bir daha dərk etdi ki, xalqımız öz torpaqlarının azadlığı, sərhədlərinin toxunulmazlığı uğurunda mübarizə aparır. Azərbaycanın heç bir ölkənin torpaqlarında gözü yoxdur. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə səsləndirmiş və dünyaya bəyan etmişdir ki, biz sülhün tərəfdarıyıq, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını istəyirik. Sözsüz ki, antiterror tədbirlərinin keçirilməsinə baxmayaraq dövlətimizin ərazisində yaşayan hər bir erməni qanunvericiliyə uyğun olaraq Azərbaycan vətəndaşlarıdır. Biz onların hüquqlarını qorumağa qadirik".

"Qarabağda yaşayan ermənilərin hüquqları Azərbaycanda yaşayan bütün xalqlar kimi müdafiə ediləcəkdir. Lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağda yaşayan ermənilərə göstərdiyi diqqət, humanitar yardım bir daha dünyaya sübut etdi ki, biz sülh yolundayıq və Ermənistan kimi heç də insanları qətlə yetirmək, didərgin salmaq niyyətində deyilik. Bu gün Qarabağda yaşayan ermənilərə hər cür şərait yaradılıb. Avropa İttifaqı da bunu görür. Ona görə Azərbaycanın haqlı mövqeyini dəstələməyə məcburdur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə