"Ermənilər son çabalarını göstərirlər" - MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

"İkinci Dünya Müharibəsinin sonlarında faşist Almaniyası özünü qoruyub saxlamaq üçün hər şeydən istifadə etdi. Hətta bəzi cəbhələrdə irəliləyə də bildi. Amma bunlar əbəs idi. Çünki faşizm məhvə məhkum idi. Bu gün ermənilər də faşist təfəkkürlü insanlar kimi fəaliyyət göstərir. Ona görə də ermənilər bütün cəbhəboyu təxribatlar törədirlər. Məlumdur ki, Azərbaycana qarşı dünyanın ədalətsiz təşkilatlarını və dövlətlərini öz yanına yığıb. Amma ən əsası odur ki, Azərbaycan bu maneələrin hamısını uğurla dəf edir. Çünki Azərbaycanın işi haqq işidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, erməni nə edirsə etsin, bunlar onun son çabalarıdır: "Şərti sərhəddə duran əsgərimizə güllə ata, minalar yerləşdirə bilər, amma son nəticədə erməni məğlubdur. 2020-ci ildə Ermənistanın yaratdığı bütün miflər darmadağın oldu. Ona görə də Azərbaycanın yeritdiyi siyasəti bir daha nəzərdən keçirsək, necə ədalətli, beynəlxalq normalara uyğun olduğunu görərik".

Deputat sözlərinə davam edərək bildirib ki, əgər bu gün Qarabağ ərazisində erməniəsilli Azərbaycan vətəndaşları yaşayırsa, bu günah və ya cinayət deyil: "Amma həmin ermənilər Azərbaycan qanunlarını qəbul etmək istəmirlərsə, onda biz onların nazı ilə oynamayacağıq. Həm Ermənistan Respublikası, həm də Qarabağda olan separatçı qüvvələr son cəhdlərini göstərir. Yəqin ki, bunlara bir nöqtə qoyulacaq və Azərbaycan sülhsevər bir dövlət kimi öz nüfuzunu dünyanın hər yerində daha da inkişaf etdirəcək. Bu, hər bir azərbaycanlının istəyidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə