"Ermənistan ziddiyyətli siyasət aparmaqda davam edir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın cəbhəboyu təxribatlarının davam etməsi müharibədən sonrakı dövr üçün xarakterik olan pis təzahürdür. Təəssüf ki, həm Ermənistan ordusu, həm də Xankəndi ətrafındakı qanunsuz silahlılar sabitliyə əməl etmək istəmirlər. Bu təxribatların davam etməsi birmənalı şəkildə Ermənistanın sülhə hazır olmadığını göstərir. Ermənistan ziddiyyətli siyasət aparmaqda davam edir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə buna uyğun davranış sərgiləmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ermənilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək istəmirlər: "Bizim ərazilərimizdə seçki şousu keçirirlər. Xankəndi və onun ətrafında qanunsuz silahlı dəstələr saxlamaqda davam edirlər. Onların tərki-silah olunması ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirmirlər. Eyni zamanda, mina terrorunu davam etdirirlər. Ermənilər hətta Azərbaycan əsgərlərinin olduğu bölgəyə boynuna mina bağlanmış itlər göndərmək üsulundan çəkinmirlər. Azərbaycan ərazisində yeni səngərlər qazmaq cəhdlərini də davam etdirirlər".

A.Quliyev sözlərinə davam edərək bildirib ki, Ermənistan dünya miqyasında blokada və humanitar böhranla bağlı manipulyasiya siyasəti aparır: "Bütün bunlar Ermənistanın sülhə hazır olmadığını sübut etməklə yanaşı dünyada müəyyən etirazların da yaranmasına səbəb olur. Son seçki şousunun dünyada demək olar ki, heç kim tərəfindən qəbul edilmədi və onu Azərbaycanın suveren haqlarına, bölgədə sülhə təhlükəli bir proses kimi qiymətləndirdilər. Bu əslində Ermənistana "Dur" deməyin müəyyən bir formasıdır. Ancaq müəyyən dünya dövlətləri və təşkilatları Ermənistanı bölgədə sülh sazişini imzalanmağa məcbur etmək yönümündə həlledici addım atmırlar. Azərbaycan isə bu istiqamətdə özündən asılı olan hər şeyi edir. Lakin ermənilər sülh danışıqlarından imtina edirlər. Azərbaycanın göndərdiyi humanitar yardımları qəbul etməkdən imtina edirlər. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Əgər orada humanitar böhran var idisə, onda bizim yardımımızı qəbul etməli idilər. Hətta bunun üstünə yolu da bloklayırlar. Deməli, orada humanitar böhranın olması ilə bağlı şou sadəcə olaraq fiksiyadır və heç bir əsası yoxdur. Acından ölən adamlar seçki keçirməməlidirlər. Bu məntiqsizlikdir. Dünya bunlara şahid olduğu üçün Azərbaycan artıq əvvəlkindən də güclü və avantajlı mövqedədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə