"Azərbaycan və macar xalqı həmişə bir yerdə olmağa cəhd göstərirlər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Macarıstanda atletika üzrə dünya çempionatı keçirilir. Təbii ki, idman siyasət olmasa da, dövlətləri bir-birinə yaxınlaşdırmaq üçün ən yaxşı vasitələrdəndir. Macarıstanın Baş naziri Viktor Orban həm Azərbaycan Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanı da bu yarışları izləməyə dəvət edib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Macarıstan Avropanın siyasi həyatında mühüm rol oynayan dövlətlərdən biridir: “Xüsusilə Macarıstanın son dövrlərdə apardığı siyasətində türk dövlətlərinə böyük maraq var. Ona görə də son illər həm macar tarixçiləri, həm də siyasətçiləri vaxtilə türk dövlətləri ilə, xüsusilə Osmanlı dövləti və Macarıstan arasında olan düşmən münasibətlərinin tarixini üzə çıxardır və məlum olur ki, yazılanlar yanlışdır. Bu, həm iki dövlət arasında münasibətlərə soyuqluq gətirir, həm də bu xalqların yaşadığı böyük tarix təhrif olunur. Ona görə də son zamanlarda türk dövlətlərinin bütün konfrans və tədbirlərində Macarıstan dövləti iştirak edir”.

“Təsadüfi deyil ki, macar xalqı Avropada yerləşən sonuncu xalqlardan biridir. Onlar böyük mədəniyyət və tarix sahibidir. Bu mənada macar və Azərbaycan xalqı arasında tarix boyu həmişə səmimi münasibətlər olub. Bu gün Azərbaycanın dünyanın siyasi həyatında mühüm rol oynadığı dövrdə iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Azərbaycanın haqq işini müdafiə edən dövlətlər içərisində Macarıstan da var. Bütün bunlar onu göstərir ki, bu dostluq münasibətləri inkişaf edən dünyanın xeyrinədir. İki xalq arasında idman sahəsində olan əməkdaşlıq və Macarıstanda keçirilən bu dünya çempionatı da onu göstərir ki, sülhsevər Azərbaycan və macar xalqı həmişə bir yerdə olmağa cəhd göstərirlər"- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə