"Qarabağdakı separatizmə xarici dəstək dayandırılmalıdır" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Qarabağda Azərbaycan dövlətinin mənafelərinin ziyanına baş verən bütün hərbi xarakterli hadisələr erməni separatizminə kənardan verilən siyasi dəstəklərin birbaşa nəticəsidir. Əgər Qarabağda erməni separatizminə dəstək olmasa Azərbaycan dövlətinin mənafeyinə zidd hərbi xarakterli təzahürlər ortaya çıxa bilməz. Azərbaycanın ərazi bütövlüyünün ermənilər tərəfindən hələ də qəbul edilməməsi, Qarabağa qanunsuz silah daşınması, separatçı qurumun öz mövcudluğunu saxlaması dövlətimizin mənafeyi əleyhinə olan faktorlardır. Əlbəttə ki, erməni separatizminə verilən dəstəyin müxtəlif mənbələri var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçılar ilk növbədə Ermənistan, bundan əlavə Rusiya hakimiyyətindən siyasi dəstək alırlar: “Bu dəstək isə son nəticədə hərbi dəstəyə çevrilir və Qarabağın ərazisinə qanunsuz silah daşınması baş verir. Həmin silahların daşınmasında rus sülhməramlıları bu və ya digər dərəcədə iştirak edir, hətta onları himayə edirlər. Dəfələrlə görmüşük ki, silah daşıyan konvoylar, avtomobillər sülhməramlıların müşayiəti altında Xankəndinə gedir. Qarabağ separatizminə həm də Fransa tərəfindən siyasi dəstək verilir. Artıq bizə bəllidir ki, Fransa hökuməti Ermənistana silah satılmasının qanuniləşdirilməsi yönündə iş aparır.

Qeyd edim ki, Qarabağdakı separatizmə Hindistandan da müəyyən siyasi dəstək verilir. Elə bunun nəticəsidir ki, Hindistan da Ermənistana silah satılması ilə bağlı məsələləri müzakirə etməkdə və həyata keçirməkdədir”.

A.Quliyev sözlərinə davam edərək bildirib ki, bütün bunların qarşısını almaq üçün ilk növbədə həmin separatizmə xaricdən gələn dəstək dayandırılmalıdır: “Bu istiqamətdə Azərbaycan dövlətinin fəaliyyəti qənaətbəxşdir. İndiyədək Qarabağ separatizmi dünyada güclü şəkildə dəstəklənirdisə, getdikcə bu siyasi dəstəyin miqyası aşağı düşməyə başlayır. Təbii ki, siyasi dəstək zəiflədikcə hərbi dəstək də öz növbəsində zəifləyəcək. İkincisi, Azərbaycan dövləti lazımi addımı ataraq separatçıları demək olar ki, lokallaşdırmağa nail olub. Bu gün qətiyyətlə hesab etmək olar ki, Qarabağdakı separatizmin 95% əlaqələri artıq Azərbaycan dövlətinin nəzarəti altındadır. Bu lokallaşdırma 100%-ə çatdırılsa, artıq Qarabağda dövlətimiz əleyhinə hərbi xarakterli addımların qarşısını tam şəkildə ala biləcəyik. Ümidimiz var ki, yaxın gələcəkdə buna nail olacağıq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə