Ordumuzun maddi-texniki bazası hansı səviyyədədir? - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ordumuz kifayət qədər həm regionda, həm dünyada öz yeri olan bir ordudur. Dünyanın bütün ordularında müsbət hallarla yanaşı, mənfi hallar olduğu kimi Azərbaycan ordusu da bundan kənarda deyil". Bu sözləri SİA-ya verdiyi açıqlamada ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, iş varsa mütləq nöqsan da olmalıdı. Bu nöqsanlar dünyanın istənilən ordusunda var: "Lakin bu nöqsanlar ordunun döyüş ruhuna təsir göstərəcək səviyyədə deyil. Hazırda yeni hərbi hissələr yaradılır, bəziləri yenilənir, müasir avadanlıqlarla təchiz olunur.

Ötən həftə Azərbaycanın İtaliya ilə imzaladığı sənəd onu deməyə imkan verir ki, bizim ordumuzda sovetdənqalma texnikaların sayı da azalır. Ordunun səviyyəsinə qaldıqda, bütün dünya 44 günlük müharibə zamanı ordumuzun gücünü gördü. Azərbaycan ordusunun kifayət qədər təcrübəsi var, hərbi sahədə ciddi bacarıqlar əldə edib.

Azərbaycana bu yaxınlarda səfər edən ölkələrdən biri də Rusiyaya qarşı mübarizə aparan Ukraynanın rəsmiləri idi. Onlar bizdən müəyyən təcrübələr öyrəndilər və bu gün həmin təcrübələri tətbiq edirlər. İstənilən halda, Ukrayna bizə müraciət edibsə deməli buna bir əsas var. Qarşıdan Azərbaycan Silahlı Qüvvələr Günü gəlir. Biz yəqin ki, həmin günlə bağlı ya rəsmilərdən, ya da cənab Prezidentdən açıqlama eşidəcəyik.

Ordumuz təlimlər təşkil edəcək, ölkədaxili təlimlərlə yanaşı bir sıra dünya orduları ilə də birgə təlimlər keçiriləcək. Bizim ordu ilə Pakistanın, Türkiyənin, Gürcüstanın birgə təlimləri nəzərdə tutulub. Bu da o deməkdir ki, Azərbaycan beynəlxalq arenada təlimlər keçirtməklə və öz döyüş qabiliyyətini artırmaqla məşğuldur".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə